BAKI, 17 noyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri təkcə son 15 gün ərzində təhlükəli və ya köməksiz vəziyyətdə qalan 32 uşağı xilas edərək ailə üzvlərinə və ya yaxınlarına təhvil verib.

Teleqraf xəbər verir ki, bu barədə nazirliyin uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciətində bildirilib.

Qeyd olunub ki, aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bir sıra hallarda azyaşlıların nəzarətsiz qalması nəticəsində onların həyat və sağlamlığı üçün təhlükəli vəziyyətlər yaranır və "112" qaynar telefon xəttinə bununla bağlı mütəmadi məlumatlar daxil olur.

Aparılan təhlillər göstərir ki, bu hallar uşaqların ilk növbədə valideynləri tərəfindən nəzarətsiz buraxılması və ya əksərən hər hansı səbəbdən mənzildə tək qoyulması nəticəsində baş verir.

Nazirlik mənzillərdə elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, aşma və ya düşmə təhlükəsi olan ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və digər təhlükə mənbələrinin azyaşlıların həyat və sağlamlığı üçün ciddi risk yaratdığını bildirib. Həmçinin uşaqların liftdə, həyətdə, küçədə, avtomobildə və digər məkanlarda nəzarətsiz qalmasının arzuolunmaz nəticələrə səbəb ola biləcəyi vurğulanıb və valideynlər uşaqlara qarşı diqqətli olmağa, onları nəzarətsiz qoymamağa çağırılıb.