BAKI, 18 sentyabr. TELEQRAF

Səudiyyə Ərəbistanı Oman vasitəsilə Yəmənin üsyançı “Ənsarallah” Hərəkatına (husilər) iki həftəlik atəşkəs və birbaşa danışıqlar təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə “Əl-Əxbar” məlumatlı mənbələrə istinadla bildirib.

Mənbə qeyd edib ki, təklif hərtərəfli razılaşma kontekstində irəli sürülüb.

“Əl-Əxbar”ın məlumatına görə, husilər Yəmənin hava, quru və dəniz yolu ilə blokadasına tam son qoyulmasını, Səudiyyə Ərəbistanının Yəməndən hərbi, təhlükəsizlik və siyasi qüvvələrini çıxarmasını və təzminat ödənilməsi üçün fondun yaradılmasını tələb edirlər.

Ər-Riyad rəsmiləri isə bildiriblər ki, husilərin Məaribə hücum, Məarib və Əl-Cövf vilayətlərinə nəzarəti ələ keçirmək və Səudiyyə Ərəbistanı sərhədində mövqe tutmaq niyyətləri barədə məlumat əldə ediblər.