BAKI, 14 sentyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Ciddədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperlə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı mediası məlumat yayıb.
Həmsöhbətlər ikitərəfli münasibətləri və regional vəziyyəti müzakirə ediblər.
Məhəmməd bin Salmanla Bred Kuperin görüşü Yəməndə vəziyyətin gərginləşməsi fonunda baş tutub.
Yəməndə üsyançı “Ənsarallah” Hərəkatı (husilər) ölkənin cənub-qərbində hücuma keçib. Quru ərazilərində irəliləyişlə eyni vaxtda husilər Qırmızı dənizin sahilyanı rayonlarına və Taiz şəhərinin ətrafına raket və dronlarla zərbələr endirməyə başlayıblar.
“Ənsarallah” strateji əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazının ətrafında yerləşən bölgələrə doğru irəliləməyə və Moka istiqamətindəki yolları kəsməyə çalışırlar.