BAKI, 30 oktyabr. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələri rəqəmsallaşma və süni intellekt sahəsində birgə layihələri sürətləndirməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə Kasım-Jomart Tokayev TDT-nin 13-cü sammitində çıxışı zamanı bildirib.
O, bu istiqamətdə Azərbaycanın da iştirak etdiyi Transxəzər fiber-optik rabitə xəttinin əhəmiyyətini vurğulayıb:
"Qazaxıstan rəqəmsal dövlətə çevrilməyi hədəfləyir. Bu məqsədlə ölkədə süni intellekt mərkəzi yaradılıb, müvafiq sahə üzrə mütəxəssislər hazırlayan universitet açılıb və ümumi gücü 1 GVt olacaq məlumat mərkəzləri vadisinin formalaşdırılmasına başlanılıb. Həmçinin iki superkompüter istifadəyə verilib, üçüncünün isə yaxın vaxtlarda fəaliyyətə başlaması planlaşdırılır".
Tokayev qeyd edib ki, Qazaxıstan rəqəmsal sahədə qazandığı təcrübəni digər türk dövlətləri ilə bölüşməyə hazırdır. O, may ayında Türküstanda keçirilən görüşdə süni intellekt və rəqəmsallaşma ilə bağlı müzakirələrin nəticəsi olaraq bir sıra təşəbbüslərin həyata keçirildiyini diqqətə çatdırıb.
Dövlət başçısı Azərbaycan və Qazaxıstan arasında Transxəzər fiber-optik rabitə xəttinin istifadəyə verildiyini bildirib:
"Bu layihənin imkanlarından digər türk dövlətləri də yararlana biləcək".