BAKI, 16 avqust. TELEQRAF

HƏMAS nümayəndə heyəti Qahirədə Misirin kəşfiyyat rəhbəri Həsən Rəşadla Qəzza üzrə ABŞ tərəfindən dəstəklənən 15 bəndlik müharibədən sonrakı planın icrasını müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Misirin dövlət xəbər agentliyi “Middle East News Agency” məlumat yayıb.

HƏMAS rəhbəri Xəlil əl-Həyyanın başçılıq etdiyi nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın planının tam icrasına sadiqliyini bir daha təsdiqləyib.

HƏMAS rəsmisinin sözlərinə görə, görüşlərdə danışıqların son vəziyyəti, İsrailin atəşkəs razılaşmasına əməl etməsi və 15 bəndlik yol xəritəsinin icrasına başlanılması məsələləri müzakirə olunub.

Nümayəndə heyətinin İsrailin atəşkəs razılaşmasını pozması ilə bağlı Misir rəsmilərinə məlumat verəcəyi və HƏMAS-ın razılaşmanı həyata keçirməyə hazır olduğunu vurğulayacağı bildirilib.

Həmçinin HƏMAS nümayəndələri, Qəzza üzrə Sülh Şurasının yüksək nümayəndəsi Nikolay Mladenov və ABŞ rəsmiləri arasında görüş keçirilməsi üçün hazırlıqların aparıldığı qeyd olunub.

Məlumata görə, Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə İsrailin razılaşmaya əməl etməsi istiqamətində də danışıqlar davam etdirilir.