BAKI, 13 oktyabr. TELEQRAF

“Qiyamçı “Ənsarallah” Hərəkatı (husilər) üçün casusluq etmək, fəaliyyətini maliyyələşdirmək və ya ona istənilən yardım cinayət hesab olunur. Ölkənin təhlükəsizliyinə qarşı törədilən cinayətlərə görə ölüm cəzası nəzərdə tutulur”.

Teleqraf xəbər verir ki, bu barədə Yəmənin Prezident Administrasiyasının bəyanatında bildirlib.

Administrasiya təhlükəsizlik və hərbi qurumlara ciddi sübutlar olduğu hallarda dərhal hüquqi tədbirlərə başlamaq barədə göstəriş verib. Həmçinin Baş Prokurorluqdan və Hərbi Prokurorluqdan barələrində kifayət qədər sübut olan şəxslərin işlərinin məhkəmə orqanlarına göndərilməsi tələb edilib.

Bəyanatda vurğulanıb ki, hökumət, hərbi və təhlükəsizlik qurumlarının vəzifəli şəxsləri də husilərlə əməkdaşlıq etdikləri təqdirdə cinayət təqibindən kənarda qalmayacaqlar.

Bundan əlavə, vətəndaşlara və dövlət qulluqçularına bu cinayətlərlə bağlı məlumatları aidiyyəti qurumlara bildirmək çağırışı edilib. Məsul qurumlara isə məlumat verən şəxslərin və şahidlərin müdafiəsini təmin etmək, məlumatlarının məxfiliyini qorumaq tapşırılıb.