BAKI, 14 oktyabr. TELEQRAF

“Dünyada siyasi, iqtisadi və geosiyasi proseslərin sürətləndiyi bir dövrdə Türk Dövlətləri Təşkilatının çatdığı səviyyə türk dünyasının gələcəyi baxımından böyük əhəmiyyət daşıyır”.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı hicab məsələsi ilə bağlı Azərbaycana qarşı aparılan kampaniya fonunda deyib.

MHP lideri bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər isə bu prosesin ən güclü dayaqlarından biridir:

“Türk Dövlətləri Təşkilatı ortaq tariximizin, mədəniyyətimizin və müştərək gələcək təsəvvürümüzün institutsional platformasına çevrilib. Adriatikdən Çin səddinə qədər uzanan geniş türk dünyasında siyasi iradənin gücləndiyi, iqtisadi-ticari əlaqələrinin inkişaf etdiyi, nəqliyyat və enerji bağlantılarının genişləndiyi yeni dövr formalaşır. Müdafiə sənayesi, texnologiya, təhsil, elm və mədəniyyət başda olmaqla, bir çox sahədə əməkdaşlıq imkanlarının artması türk dövlətləri arasındakı münasibətlərin çoxşaxəli xarakter aldığını göstərir.

Bununla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsindəki münasibətlərin əsasını hər bir üzv dövlətin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və öz daxili qanunvericiliyinə hörmət prinsipi təşkil edir. Hər bir türk respublikası müstəqil və suveren dövlətdir. Türk dövlətləri arasındakı əməkdaşlıq bu suverenlik anlayışına əsaslanır, qarşılıqlı hörmət, bərabərlik və ortaq maraqlar çərçivəsində inkişaf edir.

Egeydən Xəzərə, keçmişdən gələcəyə Türkiyə və Azərbaycan eyni könül coğrafiyasının iki qüdrətli dövlətidir. İki ölkə arasındakı qardaşlıq hüququna xələl gətirməyə yönələn istənilən yanaşma qarşısında sağlam düşüncə, qarşılıqlı anlaşma və ortaq ağıl əsasında hərəkət etmək böyük əhəmiyyət daşıyır.

Türkiyənin Türk Dövlətləri Təşkilatına sədrlik etməsi də bu proseslərin yaratdığı mühüm məsuliyyət və fürsətdir.

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər isə bu prosesin ən güclü dayaqlarından biridir. İki ölkə arasındakı tarixi, mədəni və qardaşlıq bağları siyasi proseslərdən kənarda, xalqlarımızın ortaq yaddaşına və könül birliyinə əsaslanır.

Bu baxımdan, Qarabağ zəfərinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanla zirvə çərçivəsində keçirəcəyi görüşün Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz iradəsini bir daha nümayiş etdirəcəyinə inanırıq.

Oktyabr ayının son həftəsində Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşü bu baxımdan tarixi əhəmiyyət daşıyır. Sədrliyin Azərbaycan tərəfindən Türkiyəyə təhvil verilməsi ilə Türkiyə türk dünyasının ortaq hədəflərinin həyata keçirilməsi istiqamətində mühüm məsuliyyət daşıyacaq”.

Baxçalı qeyd edib ki, İsmayıl Qaspıralının irəli sürdüyü “Dildə, fikirdə, işdə birlik” anlayışı bu gün də türk dövlətləri arasındakı münasibətlərin dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi baxımından öz yolgöstərici əhəmiyyətini qoruyur:

“İstiqamətimiz aydındır: başda Azərbaycan olmaqla, türk dünyası xalqları arasındakı qardaşlıq hüququna və könül bağına xələl gətirəcək heç bir nifaq toxumunun aramıza səpilməsinə imkan vermədən, türk respublikalarının suverenliyinə və müstəqilliyinə qarşılıqlı hörmət əsasında əməkdaşlığımızı dərinləşdirmək, tariximizin üzərimizə qoyduğu məsuliyyəti dərk edərək ortaq gələcəyimizi qurmaq və “Türk və Türkiyə Əsri” hədəfini türk dünyasının yüksəlişi ilə birləşdirməkdir”.