BAKI, 13 oktyabr. TELEQRAF
İran üçün hazırda sanksiyalara və iqtisadi təzyiqlərə qarşı mübarizə hərbi qarşıdurmadan daha vacib vəzifədir.
Teleqraf xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “Tasnim” agentliyinə açıqlamasında bildirib.
"Bu gün iqtisadi müharibə hərbi qarşıdurmadan və ya kiber müharibədən daha vacibdir. İqtisadi təzyiq İrana qarşı müharibənin əsas istiqamətidir və hökumətin başlıca vəzifəsi düzgün qərarlar qəbul etmək, dövlət idarəçiliyində sabitliyi qorumaqdır. Qərarların qəbulunda əsas prioritet İran vətəndaşlarının və silahlı qüvvələrin rifahıdır", - o qeyd edib.
O əlavə edib ki, dövlət müharibə və sanksiyaların yaratdığı təzyiqlərin əhalinin normal həyat şəraitinə mümkün qədər az təsir göstərməsini təmin etməlidir.