BAKI, 14 oktyabr. TELEQRAF

Küçə etirazları 1978-ci ilin sentyabrında paytaxt Tehranda sıravi iranlıların silahlı qüvvələrlə toqquşması ilə başladı. Həmin gün yüzlərlə insan həyatını itirdi.

1979-cu ilin yanvar ayının sonlarında qanlı nümayişlərdən sonra Şah Məhəmmədrza Pəhləvi Misirə qaçdı. Fevralın 1-də isə sərt xətt tərəfdarı olan Ruhullah Xomeyni sürgündən Tehrana qayıtdı.

Solçular monarxiyanı devirmək üçün mühafizəkarlarla birləşsələr də, Xomeyni sonda qalib gəldi.

1979-cu ilin iyun ayına qədər dünyəvi hakimiyyət dini rejimlə əvəz olundu.

İslam Respublikası ilk günlərindən “Qərb” kimi gördüyü hər şeyə - dünyəviliyə qarşı çıxmağa başladı. Qadınlar ərlərindən boşanmaq hüququnu itirdilər, ictimai yerlərdə hicab - baş örtüyü taxmaq məcburiyyətində qaldılar.

İranlılar ifadə azadlığını da itirdilər. Rejimi tənqid edənlər ya həbs edildi, ya da edam. Bu gün olduğu kimi…

Təkcə həbs və edam yox, şallaq cəzası da var.

İran əhalisi qocalır. Ölkədə bu gün inqilabdan əvvəlkindən daha az gənc var. Səbəbi iqtisadi qeyri-sabitlik və yüksək işsizlik səviyyəsinin bir çox gəncin ailə qurmaqda gecikməsinə səbəb olmasıdır. Rejimin yorduğu gənclər ailə qurmaqda maraqlı deyillər. Əhalinin sürətlə qocalması 40 ildən çoxdur özünün də rifah axtardığı ayətullah sisteminin özünü də gərginləşdirib. Nəticədə rejim qadınları daha çox uşaq doğmağa çağıraraq, əhalini 93 milyondan 150 milyona çatdırmağa çalışır.

İranda orta yaşın 2030-cu ilə qədər 27-dən 40-a yüksələcəyi gözlənilir. Məsələn, 1977-ci ildə - inqilabından iki il əvvəl əhalinin 44,5 faizi 25 yaş və ya daha kiçik idi. Bu tendensiya inqilabdan sonra da davam etdi, rəsmilər insanları daha çox uşaq sahibi olmağa təşviq etməyə başladılar. Nəticədə əhali təxminən 10 il ərzində ikiqat artaraq 1968-ci ildəki 27 milyondan 55 milyona çatdı.

Ardınca dini rejim kursunu dəyişdi, dünyanın ən təsiredici əhaliyə nəzarət siyasətlərindən birini həyata keçirdi. Beynəlxalq sanksiyalar altında olan gərgin iqtisadiyyatla birlikdə doğum nisbətinin sürətlə azalmasına səbəb olan kurs gələcəyi qaranlıq göstərir: İranın işçi əhalisi yaşlanmağa davam etdikcə, ölkənin köhnəlmiş dövlət pensiya proqramları artan gərginliklə üzləşir.

İnqilab solçu elementlər də daxil olmaqla, yoxsul və məhrum edilmiş insanlara kömək üçün özəl sektorun rolunu məhdudlaşdırmağa və sərvəti daha bərabər şəkildə bölüşdürməyə çalışsa da, işlər o qədər də yaxşı olmadı - ali təbəqə zənginləşdikcə yoxsul əhali daha dibə çəkildi.

Bu gün İranda rial və ya tümənin məzənnəsi tarixin ən aşağı rəqəmlərini göstərir.

İnqilab banklar və sığorta şirkətləri milliləşdirildiyi üçün İranın ticarət və investisiya modelinə əhəmiyyətli dərəcədə təsir etdi. 1980-ci illərdə İran-İraq müharibəsinin yüksək xərcləri səbəbindən problemlər daha da kəskinləşdi. İdarəetmənin pisləşməsi və korrupsiya İranı bu gün də narahat edir.

Ölkədə işsizlik səviyyəsi 10 faizi keçib.

Ali təhsillilər üçün də vəziyyət acınacaqlıdır. Bakalavr və ya daha yüksək dərəcəsi olan insanların 39 faizdən çoxu işsizdir.

Əvvəllər qadınlar üçün geyim və şəxsi həyatla bağlı daha çox sərbəstlik, ailə qanunvericiliyində müəyyən hüquqlar var idisə, mollaların hakimiyyətə gəlişindən sonra yaranan mənzərə: məcburi hicab və hüquqları məhdudlaşdıran qanunlar. Üstəgəl, siyasi müxalifətə, etirazçılara və müstəqil fəaliyyətə ciddi məhdudiyyətlər tətbiq olunur.

İnqilabdan əvvəl və sonra qadınların ali təhsil almalar problemli kimi görünməsə də, bu, qadınların işçi qüvvəsində iştirakının yaxşılaşdığı anlamına gəlmir. İranın işçi qüvvəsinin 17 faizi qadındır.

Qadınlar arasında işsizlik səviyyəsi 2026-cı ilin birinci rübündə 15 faiz təşkil edir. Bu göstərici kişilərdən (6,2 faiz) xeyli yüksəkdir.

İnqilabdan sonrakı 47 il ərzində ölkədə göllər quruyub, laqunlar yoxa çıxıb, vəhşi təbiət təhlükə altındadır.

Su idarəçiliyinin pisləşməsi 1979-cu il inqilabından əvvələ, sənaye sahələrinin sudan çox asılı olmağa başladığı və çoxlu sayda bənd tikdiyi dövrə təsadüf etsə də, inqilabdan sonrakı onillikdə əhalinin sayı ikiqat artdıqda vəziyyət daha da nəzarətdən çıxdı.

Son 47 ildə rejimin ölkənin səmərəsiz kənd təsərrüfatı sektorunda islahatlar aparmadan ərzaq özünütəminatına nail olmaq səyləri su böhranını daha da sürətləndirib. Son illərdə ətraf mühit məsələləri siyasiləşib, bu barədə əks danışan ekoloqlar həbs olunur.

Su çatışmazlığı, təbii sərvətlərin azalması və rejimin səhv idarəçiliyi tez-tez ölkədə etirazlara səbəb olur.

İranda hava çirkliliyi də artan narahatlıq doğurur. İranda hava keyfiyyəti dünyada ən pislər arasında yer alır. Paytaxt Tehran dünyanın ən çirkli şəhərlərinin siyahısında öndə gedir.

Əhali bu problemin təsirlərindən narahatdır.

Duzlu Urmiya gölü quruyur, bölgədə hava çirkliliyi səbəbindən xəstəxanaya yerləşdirilən insanların sayı artır.

Tehran da daxil İranın bəzi şəhərləri hər il batır, çünki torpaqda su azdır.

Dini rejimin yürütdüyü radikal siyasət ucbatından az qala bütün sektorları beynəlxalq sanksiyalar altında olan İranda inflyasiya 90 faizə çatır.

İqtisadiyyat 1960-1970-ci illərdə sürətli iqtisadi artım və neft gəlirlərinin yüksəlməsi ilə müşayiət olunurdusa, inqilabdan sonra müharibə, sanksiyalar, iqtisadi idarəetmə problemləri və yüksək inflyasiya ilə diqqət mərkəzindədir.

İnqilabdan əvvəl şəhərlərdə müasirləşmə sürətli idi, bu gün isə bu haqda danışmaq az qala mümkünsüzdür.

Pəhləvilərin dövründə ABŞ və digər Qərb ölkələri ilə sıx münasibətlər, xarici investisiyalara daha geniş çıxış vardısa, bu gün ABŞ və İsraillə müharibə gedir, bu səbəbdən qonşu ölkələrlə münasibətlər pisləşib, beynəlxalq sanksiyalar və blokada ölkənin iqtisadi əlaqələrini məhdudlaşdırıb. Fevralın 28-də atası və sələfi Əli Xameneinin öldürülməsindən sonra ali rəhbər postuna keçdiyi iddia olunan Müctəba Xamenei isə indiyədək bir dəfə də ictimaiyyət qarşısına çıxmayıb. Atasının öldürüldüyü hücumda ağır yaralanan Müctəbanın durumu elə İranınkı qədər naməlumdur. ABŞ Prezidenti Donald Tramp da İranla danışıqlar apardıqlarını, amma kiminlə danışdıqlarını bilmədiyini deyir.