BAKI, 16 avqust. TELEQRAF

Qətər hakimiyyəti iranlı pilotların taleyini araşdırmaq üçün yaradılmış mütəxəssis qrupunun ölkəyə girişinə qadağa qoyub.

Teleqraf xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsinə istinadən məlumat yayıb.

SEPAH rəsmisi iranlı mütəxəssislərin aylardır Qətərə daxil olmaq üçün icazə gözlədiyini bildirib.

"Qətər iranlı pilotların saxlanılması barədə məlumatları təkzib etmək əvəzinə, ekspertlər qrupunun ölkəyə girişinə icazə verməlidir", — deyə SEPAH nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, avqustun 15-də İran Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Məhəmməd Baqirzadə mart ayında qəzaya uğrayan "Su-24" təyyarələrinin 3 iranlı pilotunun Qətər hərbçiləri tərəfindən əsir götürüldüyünü bildirib.

Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari isə iranlı pilotların əsir götürülməsi barədə iddiaları qətiyyətlə təkzib edərək, ölkənin hava məkanını pozan təyyarələrə qarşı beynəlxalq hüquqa uyğun tədbirlərin görüldüyünü açıqlayıb.