BAKI, 14 avqust. TELEQRAF
“Regional müharibələr regional ittifaqların yaranmasına səbəb olub. Məsələn, Rusiya-Ukrayna müharibəsi fonunda Minsk Moskva ilə yanaşı, Pekinlə də ittifaqı gücləndirməyə qərar verib”.
Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvadan dərhal sonra Pekinə səfər edərək, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu söyləyib:
“Bunun nəticəsi olaraq, Çin və Belarusun hava-desant qoşunları Çinin mərkəzində yerləşən Hubey əyalətində “Swift Eagle 2026” adlı birgə hərbi təlimlərə başlayıb. Təlimlər çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat, ərazilərin ələ keçirilməsi və mühafizəsi, eləcə də hücum və müdafiə əməliyyatları üzrə hazırlıq keçirilir. Təlimlərin əsas diqqət mərkəzində şəhər şəraitində birgə antiterror əməliyyatlarının keçirilməsi dayanır. Məqsəd Çin və Belarus hərbçilərinin terrorla mübarizə missiyalarını birgə həyata keçirmək imkanlarını və döyüş qabiliyyətini artırmaqdır.

Oxşar durum Yaxşın Şərqdə yaranıb. Bu bölgənin geosiyasi mənzərəsi artıq yalnız hərbi ittifaqlar və ya dəyişən güc balansları ilə formalaşmır. Bu gün iqtisadi dəhlizlər, texnoloji tərəfdaşlıqlar, davamlı təchizat zəncirləri və strateji kommunikasiyalar regionun gələcəyini yenidən müəyyənləşdirir. Bu transformasiyanın mərkəzində ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İsrail rol oynayır, Pakistanla Hindistan da mövcud proseslərdə fəallıqlarını artırıb.
Hindistanın Rusiya ilə enerji sahəsində əməkdaşlığını artırmasına baxmayaraq, Vaşinqton Dehli ilə tərəfdaşlıq münasibətlərinin səviyyəsini aşağı salmayıb. ABŞ-də dəyişən administrasiyalar Hindistanı Çinin artan təsiri fonunda balanslaşdırıcı ölkə kimi dəyərləndirirlər”.
Elxan Şahinoğlu vurğulayıb ki, Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan ittifaqı isə yenicə formalaşıb:
“Ankara Misirin hesabına bu ittifaqın genişlənməsinə çalışır. Ancaq Səudiyyə Ərəbistanı fərqli mövqedən çıxış edir, Misirin ittifaqa qoşulmasına razı deyil. Ər-Riyad Qahirənin Səudiyyə Ərəbistanının regional rəqibi olan Birləşmiş Ərəb Əmirlikləri ilə sıx əlaqələrindən narazıdır.
Digər istiqamətdə ABŞ-İsrail-Birləşmiş Ərəb Əmirlikləri-Hindistan ittifaqı formalaşıb. Bu ittifaqda ABŞ lider, İsrail innovasiyaların tətbiqi, Birləşmiş Ərəb Əmirlikləri investisiyalar, Hindistan isə artan iqtisadi çəkisi ilə rol oynayır. Bu ittifaqı formalaşdıran əsas amillərdən biri Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) layihəsidir. Vaşinqton regional sabitliyi qorumaq üçün etibarlı tərəfdaşlar axtararkən, ittifaqda yer alan dövlətlərlə ikitərəfli əlaqələri gücləndirmək siyasəti də həyata keçirir. Vaşinqton İsraillə Hindistan və Birləşmiş Ərəb Əmirlikləri arasında hərbi əməkdaşlığı da təşviq edir. İsraillə Hindistan arasında əməkdaşlıq hərbi müstəvini aşaraq kəşfiyyat paylaşımı, kibertəhlükəsizlik, kənd təsərrüfatı, su idarəçiliyi, süni intellekt, kosmik texnologiyalar, səhiyyə innovasiyası və startap ekosistemlərinə qədər genişlənib. Hindistan İsrailin ən böyük müdafiə tərəfdaşlarından biri olaraq qalır, İsrail şirkətləri isə getdikcə Hindistanın texnologiya sektorunu sadəcə başqa ixrac bazarı deyil, birgə inkişaf platforması kimi görürlər”.
Politoloq əlavə edib ki, İsraillə sıx əməkdaşlığına baxmayaraq, Dehli Körfəz ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı ilə də tərəfdaşlığını gücləndirib:
“Dehlinin əsas hədəflərindən biri Səudiyyə Ərəbistanını Hindistan-Yaxın Şərq-Avropa İqtisadi dəhlizinə cəlb etməkdir. Ər-Riyad layihədə İsrailin iştirakına görə qərar verməyə tələsmir. Çünki İsrail bu arxitekturada mühüm mövqe tutur. Onun Aralıq dənizi limanları Körfəzin ticarətini Avropa bazarları ilə birləşdirən qapı olmaq potensialına malikdir və bu da İsrailin Asiya, Yaxın Şərq və Avropanı birləşdirən logistika mərkəzi kimi rolunu gücləndirir. Səudiyyə Ərəbistanın bu layihəyə qoşulması üçün İsrailin Fələstin probleminə dair mövqeyi dəyişməlidir”.