BAKI, 1 oktyabr. TELEQRAF
Yəmən Silahlı Qüvvələri Taiz şəhərinin qərbində yerləşən Əs-Səyahi, Həzran, Əz-Zibab və Cəbəl Xan bölgələrində qiyamçı “Ənsarallah” Hərəkatının (husilər) hücumlarını dəf edib.
Teleqraf xəbər verir ki, ordu şəhərin şimal-qərbində yerləşən Qərab və Ər-Rəbi bölgələrində də husilərin atəş mənbələrini susdurmağa nail olub.
Həmçinin Taizin şərq, şimal və cənub-qərb cəbhələrində husilərlə şiddətli toqquşmalar baş verib. Bu, Yəmən hərbi aviasiyasının husilərin mövqelərinə, əlavə qüvvə və texnikasına, eləcə də silah anbarlarına endirdiyi intensiv hava zərbələri ilə eyni vaxta təsadüf edib.
Yəmən ordusunun aviasiyası Taizin cənub-şərqində yerləşən Əl-Əhkum və Əl-Əsavir bölgələrində husilərə məxsus bir neçə mövqeyə hava zərbələri endirib.
Silahlı Qüvvələr Səədə vilayətinin şərqində böyük həcmdə sursat və tank əleyhinə termal raketlər və artilleriya mərmiləri saxlanılan silah anbarlarının məhv edildiyini açıqlayıb.
Əl-Vaziyyə bölgəsində isə üç artilleriya batareyası və Əl-Muxada İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təcrübəsindən istifadə edilərək hazırlanmış mobil hava hücumundan müdafiə sistemi məhv edilib. Əl-Mənsurə və Bab əl-Məndəb bölgələrində husilərin komandirləri və silahlıları zərərsizləşdirilib.