BAKI, 1 oktyabr. TELEQRAF

Suriya hökumətinin və Livanın “Hizbullah” Hərəkatının nümayəndələri ötən ay tərəflər arasındakı gərginliyi azaltmaq məqsədilə Türkiyədə gizli şəkildə görüşüblər.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, təmaslar Türkiyənin təhlükəsizlik və kəşfiyyat qurumlarının təklifi ilə keçirilib və tərəflər arasında məlum olan ilk görüş olub.

Suriya rəsmisi deyib ki, Dəməşq “Hizbullah”ı Livanda onun tərksilah edilməsi üçün hərbi müdaxiləyə əl atmayacağına əminlik verib. Bunun qarşılığında isə “Hizbullah”dan sərhəddə qaçaqmalçılıq cəhdlərinin dayandırılmasına kömək etməyi və xüsusilə Suriyanın cənubunda qalan gizli hücrələrini ləğv etməyi istəyib.

“Reuters” yazıb ki, İran danışıqlarda iştirak etməyib. Livanın təhlükəsizlik mənbələrindən biri qeyd edib ki, “Hizbullah” danışıqlarla bağlı Tehranı əvvəlcədən məlumatlandırsa da, İran danışıqlarda birbaşa iştirak etməməsindən narazı olub.

Suriya və Livan rəsmiləri əlavə ediblər ki, danışıqlar yekun razılaşma ilə nəticələnməyib.