BAKI, 1 oktyabr. TELEQRAF

İraqda İranın yardımı ilə fəaliyyət göstərən “Kətaib Hizbullah” terror təşkilatı ABŞ qoşunlarının ölkədən çıxmasının ardından hərbi fəaliyyətlərini dayandıracağını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bununla belə, təşkilat qərarında “düşmən” hesab etdiyi təyyarələri istisna edib. Belə təyyarələrə qarşı mümkün addımların atılması ehtimalını istisna etməyib.

Agentlik qeyd edib ki, açıqlama dünən ABŞ-nin sonuncu hərbçilərinin İraqdan çıxmasından sonra verilib. “Kətaib Hizbullah” bundan əvvəl ABŞ qüvvələrinin İraqdan çıxarılmasını silahlı fəaliyyətlərini dayandırmaq üçün şərtlərindən biri kimi təqdim etmişdi.

İraq Baş naziri Əli əl-Zeydi ABŞ qüvvələrinin çıxarılmasından sonra İrana bağlı proksi qüvvələr də daxil ölkədəki bütün qanunsuz silahlı qrupların tərksilah olunacağını açıqlayıb.