BAKI, 3 oktyabr. TELEQRAF
ABŞ administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı genişmiqyaslı sanksiyalar tətbiq etməyə hazırlaşır.
Teleqraf “The Times” qəzetinə istinadən xəbər verir ki, yeni məhdudiyyətlərin həm Haaqada yerləşən məhkəmənin özünə, həm də onunla əməkdaşlıq edən təşkilatlara şamil olunacağı gözlənilir.
Nəşrin məlumatına görə, nəzərdən keçirilən tədbirlər BCM-lə işləyən şirkət və təchizatçıların da ABŞ sanksiyalarına məruz qalması riskini nəzərdə tutur. Bu isə məhkəməyə xidmət göstərən şirkətlərin onunla əməkdaşlığını ciddi şəkildə çətinləşdirə bilər.
BCM tərəfdarları belə məhdudiyyətlərin məhkəmənin fəaliyyətinə ağır təsir göstərə, hətta onun mövcudluğunu təhlükə altına ala biləcəyindən narahatdırlar. “The Times”ın istinad etdiyi avropalı diplomat ABŞ-nin planlarını hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin mühakimə olunmasını dəstəkləyənlər üçün “pis xəbər” adlandırıb.
ABŞ administrasiyası bundan əvvəl də BCM rəsmilərinə qarşı bir sıra sanksiyalar tətbiq edib. Vaşinqton məhkəmənin ABŞ və İsrail kimi Roma Statutunu ratifikasiya etməyən ölkələrin vətəndaşları üzərində yurisdiksiya iddiasına etiraz edir.
Donald Tramp 2025-ci il fevralın 6-da BCM rəsmilərinə qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutan fərman imzalayıb. ABŞ hökuməti məhkəməni Vaşinqton və onun müttəfiqlərinə, o cümlədən İsrailə münasibətdə səlahiyyətlərini aşmaqda ittiham edir.