BAKI, 30 sentyabr. TELEQRAF

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkəsinin təhlükəsizlik doktrinasının yeni səviyyəyə qaldırılmalı olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə İtamar Ben-Qvir sosial şəbəkə hesabında paylaşım edib.

O, Dubay–Təl-Əviv reysini həyata keçirən təyyarəni qaçırmağa cəhd edən şəxsin terrorçu olduğunu qeyd edərək, bunun qarşısını alan hər kəsə təşəkkür edib: "Tanrı və qəhrəman sərnişinlərə təşəkkür edirəm. Lakin İsrailin təhlükəsizlik doktrinası bir səviyyə yuxarı qalxmalıdır".

İtamar Ben-Qvir vurğulayıb ki, İsrail son iki il yarımda əla iş görüb: "İran, Livan, Qəzza və İordan çayının qərb sahilində tam qələbə qazanılana qədər davam etməliyik".

Düşmənlərin insan həyatına dəyər verdiyi və onlara mərhəmət göstərilməli olduğu barədə fikirlərin yanlış olduğunu söyləyən nazir əlavə edib:

"Təyyarəni qaçırıb göyərtəsindəki 180 israillini qətlə yetirməyi planlaşdıran terrorçunun simasında bu gün səhər yenidən xatırladıq: terrorçu sövdələşməyə gedilməməli olan şeytandır, onunla yalnız mübarizə aparılmalıdır".