BAKI, 13 avqust. TELEQRAF

“Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış Birgə Məkkə Müdafiə Sazişi heç bir ölkəni ortaq düşmən kimi müəyyən etmir və bu, regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə yönəlikdir”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk deyib.

“Məqsəd üç ölkə arasında müdafiə-təhlükəsizlik sahəsində mövcud dostluq və qardaşlıq münasibətləri üçün daha institutsional və dayanıqlı struktur yaratmaqdır. Sazişin əsas məqsədi regional təhlükəsizliyə və sabitliyə töhfə vermək, ölkələrimiz arasında hərbi əməkdaşlığı inkişaf etdirmək və potensial böhranlar zamanı birgə fəaliyyət imkanlarımızı gücləndirməkdir. Bu saziş müdafiə xarakteri daşıyır və heç bir ölkəni ortaq düşmən və ya rəqib kimi müəyyən etmir”, - o bildirib.

Aktürk qeyd edib ki, saziş çərçivəsində müdafiə və xarici işlər nazirlərinin, eləcə də Baş Qərargah rəislərinin və ya Silahlı Qüvvələrin komandanlarının iştirakı ilə strateji siyasi-hərbi mexanizmlərin yaradılması və üç ölkə arasında ən yüksək səviyyədə fəaliyyətlərin koordinasiyası nəzərdə tutulur. Bundan əlavə, hərbi əməkdaşlığın mərhələli şəkildə inkişaf etdirilməsi planlaşdırılır. Bura quru qoşunları, hərbi-dəniz qüvvələri, hava qüvvələri və hava hücumundan müdafiə bölmələrinin iştirakı ilə birgə komanda-qərargah təlimləri və hərbi manevrlərin keçirilməsi daxildir.

Digər əməkdaşlıq istiqaməti isə hərbi-sənaye kompleksi sahəsidir.

“Burada məqsəd yalnız hərbi təyinatlı məhsul və sistemlərin tədarükü deyil, həm də onların birgə hazırlanması və istehsalı, eləcə də texnoloji əməkdaşlıqdır”, - Türkiyə Müdafiə Nazirliyinin sözçüsü vurğulayıb.

Zəki Aktürk xüsusilə pilotsuz və avtonom sistemlərin, süni intellektlə dəstəklənən radioelektron mübarizə vasitələrinin hazırlanması sahəsində əməkdaşlığın perspektivli olduğunu qeyd edib

O vurğulayıb ki, Məkkə sazişi NATO-ya alternativ və ya rəqib struktur deyil: “Bu saziş beynəlxalq təhlükəsizlik arxitekturasını tamamlayan və regional təhlükəsizlik və sabitliyə töhfə verən mexanizm kimi qiymətləndirilir. Mexanizm inkişaf etdikcə, lazımi konsensus əldə olunacağı təqdirdə digər ölkələrin də ona qoşulması məsələsinə baxıla bilər”.