BAKI, 19 noyabr. TELEQRAF

Suriyanın Deyr əz-Zor əyalətində qaz kəmərində baş verən partlayış nəticəsində yanğın başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə yerli administrasiyanın nümayəndəsi “Syria” telekanalına məlumat verib.

“Əş-Şula-Ruveyşad magistral qaz kəmərinin bir hissəsində təxribat törədilib. Xəsarət alanlar barədə məlumat yoxdur. Hadisə yerinə yanğınsöndürənlər və qəza-xilasetmə briqadası cəlb olunub”, - rəsmi şəxs bildirib.

Yerli hakimiyyət orqanları partlayışda İraqla sərhədyanı ərazilərdə fəaliyyət göstərən İŞİD terror təşkilatının üzvlərinin əli ola biləcəyindən şübhələnirlər.

Son üç ay ərzində Deyr əz-Zor əyalətində ən azı dörd diversiya hadisəsi qeydə alınıb. Bu hücumlar qaz emalı zavodunun fəaliyyətində fasilələrə və elektrik stansiyalarına yanacaq tədarükünün məhdudlaşdırılmasına səbəb olub.