BAKI, 19 noyabr. TELEQRAF

Səudiyyə Ərəbistanı Yəməndə fəaliyyət göstərən “Ənsarallah” terror təşkilatı (husilər) ilə münaqişənin hazırkı intensivlikdə daha altı ay davam edəcəyini düşünür.

Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” (AP) mənbələrə istinadla məlumat yayıb.

Agentliyin məlumatına görə, krallıq hərbi əməliyyatların nə qədər davam edə biləcəyi ilə bağlı qiymətləndirmələrini müttəfiqləri ilə bölüşüb. Səudiyyə Ərəbistanı husilərə qarşı hərbi təzyiqin artırılmasında, o cümlədən ABŞ-nin müdaxiləsində israrlıdır. Vaşinqton isə hazırkı mərhələdə münaqişəyə birbaşa girməkdən çəkinir.

Agentliyin mənbələri bildirirlər ki, Ər-Riyad husilərin Yəməndə irəliləməsinin qarşısını almaq, daha sonra isə onlarla danışıqlara daha əlverişli mövqedən başlamaq üçün hərbi təzyiqin gücləndirilməsinə ümid edir.