BAKI, 20 noyabr. TELEQRAF
İraqın birgə təhlükəsizlik qüvvələri silahlı qruplaşmaların, o cümlədən İran tərəfindən dəstəklənən “Kətaib Hizbullah” terror təşkilatının nefti qaçaqmalçılıq yolu ilə çıxardıqları Curf əl-Səxr bölgəsinə daxil olub.
Teleqraf xəbər verir ki, bu barədə INA agentliyi məlumat yayıb.
İraq təhlükəsizlik qüvvələrinin nümayəndəsinin sözlərinə görə, federal qüvvələrin Curf əl-Səxr bölgəsində yerləşdirilməsi zamanı heç bir qanun pozuntusu və ya toqquşma qeydə alınmayıb. O, terrorla mübarizə bölmələrinin həmin ərazidə havadan desant əməliyyatı keçirməsi barədə məlumatları təkzib edib.
Enerji obyektlərinin mühafizəsi üzrə polis idarəsinin rəisi general Həmid əl-Hüseyninin dediyinə görə, ona tabe olan bölmələr Curf əl-Səxr ərazisindən keçən neft kəmərinin mühafizəsinə başlayıblar. O qeyd edib ki, bölgədəki 100 kilometrlik boru kəmərinin artıq 95 kilometri nəzarətə götürülüb.
General əlavə edib ki, boru kəməri boyunca hər 500 metrdən bir nəzarət-buraxılış məntəqələrinin yaradılması üçün hərbi hissələrlə koordinasiya aparılır.
Ötən gün İraq Silahlı Qüvvələrinin baş komandanı və Baş nazir Əli əz-Zeydi Curf əl-Səxrdə nəzarətin federal təhlükəsizlik strukturlarına təhvil verilməsi ərəfəsində ordunun bütün bölmələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi barədə əmr verib. Həmçinin bölgənin inzibati sərhədləri daxilində təhlükəsizlik tapşırıqlarını yerinə yetirən bölmələrə rəhbərlik edəcək xüsusi komandanlıq qərargahının yaradılması barədə göstəriş verilib.
Noyabrın 11-də İraq Nazirlər Kabineti və parlamenti Curf əl-Səxrdən neft məhsullarının qaçaqmalçılığı zamanı istifadə olunan dələduzluq sxemlərinin və ölkə ərazisində fəaliyyət göstərən silahlı qruplaşmaların bu işdə iştirakının araşdırılması üçün iki müstəqil komissiya yaradıb.
İraq kəşfiyyat xidmətlərinin ölkə rəhbərliyinə təqdim etdiyi hesabata əsasən, neft kəmərlərinə qanunsuz qoşulmalar və qaçaqmalçılıq əməliyyatları uzun illər ərzində fasiləsiz davam edib, dövlət maliyyəsinə və milli iqtisadiyyata külli miqdarda ziyan vurub.