BAKI, 20 noyabr. TELEQRAF
İranın müharibə zamanı həyata keçirdiyi genişmiqyaslı raket hücumları İsrailin hava hücumundan müdafiə sistemlərinin zəif tərəflərini üzə çıxarıb.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” İsrail Hərbi Hava Qüvvələrinin nümayəndəsinə istinadla məlumat yayıb.
Bununla yanaşı, həmin hücumlar İsrail ordusuna müdafiə sistemlərinin təkmilləşdirilməsi üçün geniş məlumat bazası əldə etməyə imkan verib.
“İsrail ordusu hücumlar zamanı əldə etdiyi məlumatlardan istifadə edərək, bəzi hallarda hava hücumundan müdafiə sistemlərini cəmi bir neçə gün ərzində təkmilləşdirə bildi”, - adının açıqlanmasını istəməyən İsrail rəsmisi deyib.
“Bloomberg”in məlumatına görə, İsrail xüsusilə “David’s Sling” hava hücumundan müdafiə sistemini təkmilləşdirərək mənzilini artırıb və daha geniş spektrli ballistik təhdidlərə qarşı mübarizə imkanlarını gücləndirib.
İsrail Hərbi Hava Qüvvələrinin nümayəndəsi agentliyə bildirib ki, təkmilləşdirilmiş sistem artıq bir neçə həftə davam edən fasiləsiz hücumlara qarşı mübarizə aparmaq imkanına malikdir.