BAKI, 5 mart. TELEQRAF
ABŞ ordusu İranın Amerika Hərbi Qüvvələrinin kifayət qədər böyük kontingentinin yerləşdiyi Türkiyədəki İncirlik hava bazasına raket zərbəsi endirmək niyyətində olduğuna inanır.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” ABŞ-nin hərbi mənbələrinə istinadla məlumat yayıb.
Martın 4-də İran Hərbi Hava Qüvvələrinə məxsus ballistik raket İraq və Suriya üzərindən uçaraq Türkiyəyə doğru hərəkət edərkən Aralıq dənizində zərərsizləşdirilib. Raket ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Oscar Austin” gəmisindən buraxılan SM-3 mərmisi ilə vurulub.
Məhv edilən İran raketinin parçaları Türkiyənin Suriya sərhədi yaxınlığındakı Hatay əyalətinə düşüb. Heç kim xəsarət almayıb.
NYT qeyd edir ki, Türkiyə NATO üzvüdür və ona hücum 32 üzvdən ibarət alyansı müharibəyə sürükləyə bilər.