BAKI, 26 dekabr. TELEQRAF

2024-cü ilin dekabrında hakimiyyət çevrilişindən sonra Moskvaya (Rusiya) qaçan Suriyanın keçmiş prezidenti Bəşər Əsədə bağlı generalları Əhməd Şaraa hökumətini devirmək məqsədilə ölkədə yeni üsyan planlaşdırırlar.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

ABŞ nəşrinin yazdığına görə, devrilmiş rejimin bəzi üzvləri xaricdə silahlı üsyan hərəkatı formalaşdırmağa hazırlaşır. Bu yolla Suriyanın sahil bölgələrini ələ keçirməyi planlaşdırdıqları bildirilir.

Suriya ordusunun 4-cü Diviziyasının keçmiş komandiri, 54 yaşlı Giyat Dalla apreldə Livandan etdiyi və dinlənilmiş telefon danışığında tabeliyində olan şəxsə “Tam silahlanana qədər başlamayacağıq” deyib.

Bu cəhdlərdə iştirak edən iki əsas fiqurun Əsədin keçmiş xüsusi təyinatlı qüvvələrinin komandiri Süheyl Həsən və keçmiş hərbi kəşfiyyat rəhbəri Kamal Həsən olduğu bildirilir. Bu şəxslərin hazırda Moskvada mühacirətdə olmalarına və beynəlxalq sanksiyalara baxmayaraq səyahət etdikləri və tərəfdaşları ilə görüşdükləri deyilir.

NYT vurğulayır ki, suriyalı generalların yazışma və təmasları araşdırılıb, nəticədə Suriyanın sahil zolağındakı bölgələrdən döyüşçü və silahlılar toplandıqları müəyyən olunub. Məlumata əsasən, 160 mindən çox döyüşçü cəlb olunub. Onlardan 20 mini pulemyot, 331-i zenit silahları, 150-si tank əleyhinə qumbaralara malikdir, həmçinin 35 snayperin olduğu bildirilir.

Əsəd tərəfdarlarının Suriyada məzhəb münaqişəsini yenidən alovlandırmaq istədikləri, bu səbəbdən potensial üsyançılara müntəzəm ödənişlər edildiyi qeyd olunur. Süheyl Həsənin suriyalı iş adamı, Əsədin uzaq qohumu və Suriyadan Moskvaya qaçmış Rami Məxluf ilə birlikdə işlədiyi, üsyanın maliyyələşdirilməsini də onun həyata keçirdiyi barədə məlumat var.

Kamal Həsənin özü NYT-yə bu iddialarla bağlı belə deyib: “Bunları siyasi xarakterli və sənədlərlə təsdiqlənməmiş iddialar kimi qiymətləndirirəm”.