Almaniya hakimiyyəti "Patriot" hava hücumundan müdafiə sistemləri və əlaqəli avadanlıqların alınmasına 4 milyard avrodan çox vəsait ayırmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi Almaniya müdafiə və maliyyə nazirliklərinin sənədlərinə istinadən məlumat yayıb.

Raketlərin dəqiq sayı göstərilməsə də, əsas müqavilədə minimum sifarişin 480 ədəd olması nəzərdə tutulub. Çatdırılmalar 2030-cu ildən 2033-cü ilin sonuna qədər planlaşdırılıb.

Noyabrın 17-də Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyanın 2027-ci ildə müdafiə ehtiyacları üçün təxminən 140 milyard avro ayırmağı planlaşdırdığını açıqlayıb. Bundesver (Almaniya Silahlı Qüvvələri) hazırda NATO-nun Avropa cinahını gücləndirmək və tükənmiş sursat ehtiyatlarını doldurmaq məqsədi daşıyan silahlı qüvvələri üçün genişmiqyaslı modernləşdirmə proqramı həyata keçirir.