BAKI, 18 oktyabr. TELEQRAF
İsrail-HƏMAS müharibəsinin darmadağın etdiyi Qəzza zolağında sakinlərə humanitar yardım səyləri davam edir.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
“Humanitar Yardım Vəqfinin təşkil etdiyi və Türkiyə bayraqları ilə bəzədilmiş yardım konvoyu Qəzza şəhərinə daxil olub. Konvoyda əsasən ərzaq, tibbi ləvazimatlar və infrastrukturun bərpası üçün lazım olan materiallar var”, - məlumatda deyilir.

Bu addım Qəzzanın yenidən qurulması və mülki əhaliyə dəstək istiqamətində Türkiyənin atdığı mühüm humanitar təşəbbüslərdən biri kimi qiymətləndirilir.

İnsan Haqları və Azadlıqları Humanitar Yardım Vəqfi beynəlxalq fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. Mərkəzi Türkiyənin İstanbul şəhərində yerləşir. Bu qurum 100-dən çox ölkədə humanitar yardım, insan hüquqları və humanitar diplomatiya sahələrində çalışır.

Təşkilatın fəaliyyəti yalnız münaqişə bölgələri ilə məhdudlaşmır, bütün qitələrdə qida, təhsil və səhiyyə sahələrində ehtiyacı olan insanlara yardımlar göstərir, həmçinin kimsəsiz uşaqlar üçün evlər, su quyuları, məktəblər, xəstəxanalar, məscidlər və mədəniyyət mərkəzləri kimi daimi layihələr inşa edir.