BAKI, 10 oktyabr. TELEQRAF

İsrail ordusu Fələstinin HƏMAS hərəkatı ilə bütün girovların azad edilməsinə dair razılaşmanın bir hissəsi olaraq, razılaşdırılmış yerləşdirmə xətləri üçün Qəzza zolağından qoşunları çıxarmağa başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Nəşrin məlumatına görə, bəzi bölmələr zolaqdan tamamilə çıxarılacaq, digərləri isə razılaşdırılmış yerləşdirmə xətləri üzrə mövqelərdə qalacaq.

“The Times of Israel”in yazdığına görə, qoşunların çıxarılması oktyabrın 10-da, İsrail hökumətinin HƏMAS-la razılaşmanı təsdiqləməsindən 24 saat sonra başa çatacaq. Qəzet bildirir ki, bu, başa çatdıqdan sonra İsrail Qəzza ərazisinin 53 faizinə, əsasən də şəhər ətrafına nəzarəti saxlayacaq. Bura İsrailin Qəzza zolağı ilə sərhədi boyunca bufer zonası və Misirlə Qəzza arasındakı Filadelfiya dəhlizi daxildir.

Bundan əlavə, İsrail hərbçiləri Qəzza zolağının şimalındakı Beyt Laxiya və Beyt Xan bölgələrində, cənubda isə Rəfah və Xan Yunisin bəzi ərazilərində qalacaq.