BAKI, 13 iyun. TELEQRAF

"ABŞ İranla nüvə sazişi bağlamaq üçün şərait yaradıb, lakin Tehran bu fürsətdən istifadə etməyib".

Teleqraf xəbər varir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

“İrana razılaşma üçün bir şans verdik, lakin onlar bundan istifadə edə bilmədilər. İndi isə bunun nəticələri onların gözlədiyindən də ağır olacaq", - o qeyd edib.

O vurğulayıb ki, İranda sərt xəttin tərəfdarları bir zamanlar cəsarətli idilər, lakin artıq onların heç biri həyatda deyil.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə obyektinin məhv edildiyini təsdiqləyib.

Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, Ali Rəhbər Seyid Əli Xameneinin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid və digər yüksək rütbəli şəxslər, o cümlədən üç nüvə alimi həlak olub.

İran isə bir neçə saat sonra cavab zərbələrinə başlayıb. Tehran İsrail istiqamətində 100-dən çox pilotsuz təyyarə göndərib.