BAKI, 13 iyun. TELEQRAF
“İsrail illərdir İranın nüvə və raket proqramlarına qarşı əməliyyata hazırlaşır, o cümlədən İran daxilində pilotsuz təyyarə bazası tikir və ölkəyə gizli yolla dəqiq silah sistemləri və komandolar gətirirdi”.
Teleqraf xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələrindən “The Times of Israel” qəzetinə bildirilib.
Məlumatda deyilir ki, İrana hücum planı İsrail Müdafiə Qüvvələri (SAXAL) və MOSSAD kəşfiyyat agentliyi tərəfindən birgə hazırlanıb.
Mənbələrin sözlərinə görə, MOSSAD agentləri Tehran yaxınlığında gizli PUA bazası qurublar. Pilotsuz təyyarələr bir gecədə işə salınaraq, İsraili hədəf alan raket buraxılış qurğularını vurub.
Bundan başqa, İrana silah sistemləri daşıyan maşınlar da gizli yolla gətirilib. Bu sistemlər İranın hava hücumundan müdafiəsini sıradan çıxarıb və İsrail təyyarələrinə İran üzərində hava üstünlüyü və hərəkət sərbəstliyi təmin edib.
Üçüncü gizli cəhd İranın mərkəzindəki zenit obyektləri yaxınlığında dəqiq raketlər yerləşdirən MOSSAD komandolarına məxsusdur.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə obyektinin məhv edildiyini təsdiqləyib.
Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, ali dini rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid və digər yüksək rütbəli şəxslər, o cümlədən üç nüvə alimi həlak olub.
İran isə bir neçə saat sonra cavab zərbələrinə başlayıb. Tehran İsrail istiqamətində 100-dən çox pilotsuz təyyarə göndərib.