BAKI, 13 iyun. TELEQRAF

“İsrail İrana qarşı ekzistensial döyüşə girib”.

Teleqraf xəbər verir ki, bunu İsrail Hərbi Kəşfiyyat İdarəsinin rəisi general-mayor Şlomi Binder deyib.

Binder komanda mərkəzində hərbçilərə müraciətində bildirib: “Bizi məhv etməyə çalışan bir düşmənə qarşı ekzistensial döyüşə giririk. Siz bunu çox eşitmisiniz: onlar nüvə imkanlarını inkişaf etdirməyə çalışırlar və bu yöndə sürətlə irəliləyirlər, böyük həcmdə adi silahlar hazırlayırlar”.

Hərbi kəşfiyyatın rəhbəri qeyd edib ki, İsrailin məqsədi bu təhlükəni aradan qaldırmaqdır”.

Binder Silahlı Qüvvələrin yüksək hazırlıq səviyyəsində olduğunu, İrana qarşı döyüşə çox güclü başlanğıc mövqeyi ilə girdiklərini sözlərinə əlavə edib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə obyektinin məhv edildiyini təsdiqləyib.

Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, ali dini rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid və digər yüksək rütbəli şəxslər, o cümlədən üç nüvə alimi həlak olub.

İran isə bir neçə saat sonra cavab zərbələrinə başlayıb. Tehran İsrail istiqamətində 100-dən çox pilotsuz təyyarə göndərib.