
BAKI, 12 aprel. TELEQRAF
Livanın cənubunda “Hizbullah” terror təşkilatına aid hərbi obyektlərin əksəriyyəti orduya təhvil verilib.
Teleqraf xəbər verir ki, bu barədə “Times of Israel” təşkilatdakı mənbələrə istinadla məlumat yayıb.
“Hizbullah”ın Litaninin cənubundakı 265 hərbi mövqeyindən 190-sı Livan ordusuna təhvil verilib”, - mənbə deyib.
Nəşr yazır ki, ötən il noyabrın 27-də “Hizbullah” və İsrail arasında bir ildən çox davam edən münaqişəyə son qoyan atəşkəs ölkənin cənubunda yalnız BMT sülhməramlıları və Livan ordusunun yerləşdirilməsini şərtləndirmişdi:
“Razılaşma İranın dəstəklədiyi terror qruplaşmasından cənubda qalan hərbi infrastrukturunu dağıtmağı və yaraqlılarını İsrail sərhədindən təxminən 30 kilometr məsafədə yerləşən Litani çayının şimalına köçürməsini tələb edirdi”.
Xatırladaq ki, “Reuters” aprelin 9-da “Hizbullah” rəhbərliyinin tezliklə Beyrutla təşkilatın tərksilah məsələsi ilə bağlı danışıqlara başlayacağı barədə məlumat yaymışdı.