CƏLİLABAD, 9 may. TELEQRAF

Cəlilabad rayonunun Xanılı kəndində fermerə məxsus yem anbarında yanğın baş verib.

Hadisə zamanı Qadir Mirzəyevə məxsus 456 kvadratmetrlik anbarda saxlanılan təxminən 30 ton ot bağlamasının böyük hissəsi yanaraq yararsız hala düşüb. Yanğın nəticəsində anbarın tikili konstruksiyasına da ziyan dəyib.

Əraziyə FHN-in Cəlilabad bölməsinin 3 yanğınsöndürmə texnikası və əlavə sudaşıyan avtomobillər cəlb olunub. Küləkli hava şəraitinə baxmayaraq, yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Hazırda yanğının baş vermə səbəbi araşdırılır.