BAKI, 9 may. TELEQRAF

"Faşizm üzərində qələbənin qazanılmasında Azərbaycanın rolu, müharibənin strateji və logistik sütunlarını təşkil edən həlledici amildir. Tarixi zəfəri siyasi və iqtisadi müstəvidə təhlil etdikdə aydın olur ki, Azərbaycan resursları hərbi gedişatın mərkəzində dayanmışdı. 1941-1945-ci illərdə hərbi maşınların yanacaq qıtlığında Bakı nefti qlobal mübarizənin taleyini həll etdi. Alman hərbi komandanlığının Qafqaza can atması faktı, cəbhə xəttinin enerji asılılığını sübut edirdi. O dövrdə çıxarılan neftin əksər hissəsini, benzinin və sürtkü yağlarının mütləq əksəriyyətini təmin edən Bakı, ordunun hərəkətverici qüvvəsi idi. Tankların, təyyarələrin və gəmilərin hücum gücü bilavasitə Azərbaycan yanacağından asılı qalmışdı. Nasizmin texnoloji üstünlüyünü darmadağın edən əsas amillərdən biri məhz Azərbaycanın iqtisadi gücü idi".

Teleqraf xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Günay Ağamalıya məxsusdur.

Onun sözlərinə görə, insan resursları baxımından göstərilən fədakarlıq hərbi-siyasi təhlilin mühüm hissəsidir. Azərbaycan təxminən altı yüz mindən çox vətəndaşını ön cəbhəyə yola salmışdı: "Say nisbətinə görə ən böyük itkilər verən və ən çox qəhrəman yetişdirən regionlardan biri Azərbaycan, ordunun döyüş ruhunu formalaşdıran mərkəzlərdən sayılırdı. 416-cı, 223-cü və digər milli diviziyaların Qafqaz dağlarından Berlinə qədər keçdiyi yol, xalqın faşizm ideologiyasına qarşı prinsipial mübarizəsinin hərbi təzahürüdür. Arxa cəbhədəki fəaliyyət müharibə iqtisadiyyatının idarə olunması baxımından nümunəvi xarakter daşıyır. Elm xadimlərinin, xüsusən Yusif Məmmədəliyevin yüksək oktanlı yanacaq kəşfi hərbi aviasiyanın effektivliyini artırdı. Qələbə cəbhədəki rəşadətlə yanaşı, həmçinin Azərbaycan zəkasının məhsulu kimi tarixləşdi".

Deputat qeyd edib ki, həmin tarixi irs Azərbaycanın geosiyasi nüfuzunun tarixi köklərini təşkil edir. Bəşəriyyəti faşizm taunundan xilas etmək məqsədilə həm iqtisadi, həm elmi, həm də insani imkanlar səfərbər edilmişdi: "Göstərilən böyük töhfə dünya tarixinin gedişatına birbaşa təsir göstərərək, Azərbaycanın sülhsevər və strateji əhəmiyyətli dövlət statusunu möhkəmləndirdi".