BAKI, 9 may. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarı Şeyx Məhəmməd bin Zayed əl-Nəhyanla telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, söhbət zamanı Türkiyə ilə BƏƏ arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan bildirib ki, Türkiyə BƏƏ ilə bir sıra sahələrdə, xüsusən də ticarət, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığa böyük əhəmiyyət verir.
Türkiyə lideri İran və ABŞ arasındakı münaqişə kontekstində regionda baş verən hadisələrin (İranın BƏƏ-yə son hava zərbələrinin – red.) təəssüf doğurduğunu qeyd edərək, Ankaranın BƏƏ-nin suverenliyini və təhlükəsizliyini tam dəstəkləməyə davam edəcəyini vurğulayıb. Prezident Ərdoğan dəymiş ziyanın tezliklə bərpa olunmasına ümid etdiyini söyləyib.
"Türkiyə maraqlı ölkələrlə təmasdadır və ABŞ ilə İran arasında diplomatik həll yolu tapmaq üçün səylər göstərir”, - deyən Türkiyə lideri regionun təhlükəsizlik ehtiyaclarını ödəmək üçün daha aktiv dialoq və əməkdaşlığa ehtiyac olduğunu sözlərinə əlavə edib.