BAKI, 8 may. TELEQRAF

İran və ABŞ tezliklə Hörmüz boğazından ticarət gəmilərinin təhlükəsiz keçidini təmin etmək üçün razılığa gələ bilər.

Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” televiziyası diplomatik mənbəyə istinadla məlumat yayıb.

Mənbə bildirib ki, Pakistanın vasitəçiliyi ilə keçirilən məsləhətləşmələrin iştirakçıları hazırda müharibəni dayandırmaq, Hörmüz boğazını açmaq və ABŞ-nin İrana qarşı blokadasını yüngülləşdirmək üçün anlaşma memorandumuna fokuslanıblar. İranın sonuncu təklifə cavabını bu gün təqdim etməsi gözlənilir.

“Al Arabiya”nın mənbəsi danışıqlar prosesinin çətin olduğunu və maneələrin hələ də qaldığını da vurğulayıb. Onun sözlərinə görə, İranın nüvə proqramı və Hörmüz boğazının tam açılması parametrləri ilə bağlı daha geniş məsələlərin yekun həlli əlavə danışıqlar mərhələləri tələb edə bilər.