BAKI, 23 sentyabr. TELEQRAF

“Əgər şərait yaranarsa, İran Prezidenti Məsud Pezeşkian davamlı sülh naminə ABŞ Prezidenti Donald Trampla görüşməlidir”.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin keçmiş sədri Mehdi Kərrubi xalqa ünvanladığı məktubunda deyib.

O, məktubunda İran xalqının həyatının son dərəcə ağır və məşəqqətli olduğunu yazaraq qeyd edib ki, bu vəziyyət bir neçə onillik ərzində yürüdülmüş dağıdıcı siyasətlərin, xüsusilə də ölkəni və xalqı sanksiyaların dibsiz quyusuna salmağın birbaşa nəticəsidir:

“Böhranlardan çıxmaq üçün ilk addım özümüzün yaratdığımız tabuları aşmaq cəsarətini göstərmək və milli maraqlara zidd olan, ölkənin inkişafı və tərəqqisi yolunda əsas maneə təşkil edən qırmızı xətləri yenidən nəzərdən keçirməkdir. Bu günlərdə ölkə öz tarixinin ən həssas mərhələrindən birində keçir və tarixi məqamlar tarixi qərarlar tələb edir”.

Kərrubi Pezeşkiana verdiyi dəstəyə toxunaraq, ondan hərtərəfli çərçivədə prezident simasında və prezident vəzifəsinin verdiyi mövqeyə uyğun davranmasını istəyib.

Keçmiş spiker Pezeşkianın BMT-nin qərargahına səfərini “əvəzolunmaz fürsət” adlandırıb: “Əgər şərait yaranarsa, məhz bu istiqamətdə ABŞ Prezidenti ilə konstruktiv danışıqlar və davamlı sülh naminə görüşsün və xalq selinin qarşısında bir heç olan qrupun ona yapışdıracağı damğadan qorxmasın”.