BAKI, 22 sentyabr. TELEQRAF
İsrail ordusu Suriyanın Dəra əyalətinin üç rayonuna artilleriya ilə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə “Al-Ikhbariya” telekanalı məlumat yayıb.
Telekanalın bildirdiyinə görə, atəş İsrail ordusunun nəzarətindəki Qolan təpələrindən həyata keçirilib.
Mərmilər Abidin, Cəmle və Maarəyə yaşayış məntəqələrinin ətrafına düşüb. Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.
Bundan əvvəl sərhədyanı Yərmuk çayının hövzəsində, Ər-Rəqqad vadisində İsrail bölmələrinin fəallığı müşahidə edilib. Gecə saatlarında həmin əraziyə işıqlandırıcı raketlər buraxılıb.
İsrail qüvvələri həmçinin Əl-Quneytra əyalətində demilitarizasiya zonasında yerləşən Ər-Rəfid qəsəbəsində əməliyyat keçirərək ərazini təmizləyiblər. Qəsəbəyə girişlərdə vətəndaşları və avtomobilləri yoxlamaq üçün nəzarət-buraxılış məntəqələri qurulub. Yerli sakinlərin evlərində aparılan axtarışlar zamanı radikal qruplaşmalara mənsub olmaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Sentyabrın 13-də Suriya xarici işlər naziri Əsəd Şibani İsrailin 1974-cü ildə Qolan təpələrində İsrail və Suriya qoşunlarının ayrılması haqqında bağlanmış sazişi pozmasını pisləyib. Diplomatın sözlərinə görə, İsrailin müdaxilələri və atəşləri mülki əhalinin əzablarını artırır və regionda eskalasiya təhlükəsi yaradır.