BAKI, 22 sentyabr. TELEQRAF
Üsyançı “Ənsarallah” Hərəkatının (husilər) hücumları genişləndirməsi səbəbindən təxminən 130 min Yəmən sakini evini tərk etmək məcburiyyətində qalıb.
Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.
Yəmənin yeddi vilayətində 129 438 nəfər və ya 21 573 ailə didərgin düşüb, ailələr ölkədə getdikcə dərinləşən qeyri-sabitlik fonunda evlərini tərk edirlər.
Təşkilat bildirir ki, qaçqınların sayı artmaqda davam edir. Daha təhlükəsiz ərazilərə çatdıqdan sonra yəmənlilər yardımın olmaması səbəbindən çətinliklərlə üzləşirlər. Qurum ayrıca qeyd edir ki, təxminən 3,1 min Yəmən sakini Qırmızı dəniz vasitəsilə ölkəni tərk edərək Cibutiyə gedib.
“Ənsarallah” sentyabrın əvvəlində ölkənin cənub-qərbində hücuma keçdikdən sonra Yəməndə vəziyyət kəskin şəkildə pisləşib. Husilər qurudan irəliləyişlə eyni vaxtda Qırmızı dənizin sahilyanı ərazilərinə və Taiz şəhərinin ətrafına raket və dronlarla zərbələr endirməyə başlayıblar. Məqsəd Moka şəhərinə gedən yolları kəsmək və strateji əhəmiyyətli Bab əl-Məndəb boğazı ətrafında yerləşən ərazilərə doğru irəliləməkdir. Husilər sentyabrın 12-də bəyan ediblər ki, Yəmənin qərbində boğaza çıxışı olan ərazilər üzərində nəzarətin təmin edilməsi əməliyyatını başa çatdırıblar.