BAKI, 1 iyul. TELEQRAF

ABŞ administrasiyası Azərbaycanla strateji tərəfdaşlığın regionda sülh, iqtisadi əməkdaşlıq və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcəyini bəyan edib.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon ABŞ-nin müstəqilliyinin 250-ci ildönümü münasibətilə keçirilən rəsmi qəbulda bildirib.

O deyib ki, Azərbaycan və Ermənistan arasında əldə olunan sülh irəliləyişi Cənubi Qafqazda yeni imkanlar yaradıb:

“ABŞ bu prosesi Azərbaycanla yeni strateji tərəfdaşlıq çərçivəsində dəstəkləyir. Tərəfdaşlıq regional nəqliyyat əlaqələrinin genişləndirilməsi, ticarətin inkişafı, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və iqtisadi imkanların artırılmasına yönəlib”.

Diplomat əlavə edib ki, ABŞ müstəqilliyin ilk illərindən etibarən Azərbaycanın inkişafına dəstək verib və bundan sonra da sülh, sabitlik və qarşılıqlı əməkdaşlıq istiqamətində birgə fəaliyyəti davam etdirəcək.