BAKI, 21 noyabr. TELEQRAF

İspaniyanın Barselona şəhərində yerləşən Abat Oliba CEU Universitetində Azərbaycanşünaslıq üzrə magistratura proqramının tədrisinə başlanılıb.

Proqramın açılış mərasimində universitetin qurucu rektoru Juan Francisco Corona Ramón, Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) direktoru Jalə İbrahimova, Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar İdarəsinin şöbə müdiri Fidan Təmirova, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (AIR Center) şöbə müdiri Vasif Hüseynov, habelə Barselonadakı diplomatik nümayəndiklərin təmsilçiləri, yerli universitetlərin nümayəndələri və tədqiqatçılar iştirak ediblər.

Açılış mərasimində çıxış edən qurucu rektor Juan Corona Azərbaycanşünaslıq proqramının universitetin beynəlxalq akademik əməkdaşlığının genişləndirilməsi və tələbələrin müxtəlif ölkələrin tarixi, siyasəti və beynəlxalq münasibətləri haqqında biliklərinin artırılması baxımından əhəmiyyətini vurğulayıb.

Səfir Ramiz Həsənov çıxışında Azərbaycanşünaslıq proqramının ölkəmizin tarixi, mədəniyyəti, xarici siyasəti və müasir inkişafı haqqında biliklərin İspaniyada yayğınlaşmasına, eləcə də Azərbaycan və İspaniya arasında akademik və mədəni əlaqələrin daha da inkişafına töhfə verəcəyini qeyd edib.

AİDA-nın direktoru Jalə İbrahimova öz çıxışında Azərbaycanın beynəlxalq inkişafa verdiyi töhfələrdən bəhs edib, agentliyin fəaliyyəti, həyata keçirdiyi layihələr və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə təqdimatla çıxış edib.

Sessiyanın davamında Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin şöbə müdiri Vasif Hüseynov Cənubi Qafqaz regionunda mövcud geosiyasi vəziyyət, regionda baş verən son proseslər və onların beynəlxalq münasibətlərə təsiri barədə mühazirə ilə çıxış edib.

Daha sonra Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar İdarəsinin şöbə müdiri Fidan Təmirova Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, ölkəmizin enerji siyasəti və Avropa ilə enerji əməkdaşlığının əsas istiqamətləri barədə məlumat verib.

Tədris sessiyası tələbələrin mövzular ətrafında suallarının cavablandırılması və fikir mübadiləsi ilə yekunlaşıb.

Qeyd edək ki, Abat Oliba CEU Universiteti İspaniyanın nüfuzlu təhsil qurumlarından biri olan CEU qrupuna daxildir. Qurumun ölkə üzrə dörd universitetində ümumilikdə 40 mindən çox tələbə təhsil alır.

İspaniyada ilk dəfə həyata keçirilən bu proqram Azərbaycanla bağlı biliklərin ayrıca akademik proqram çərçivəsində sistemli şəkildə tədris olunması baxımından mühüm əhəmiyyət daşıyır. Proqramın məzunlarına Abat Oliba CEU Universitetinin müvafiq diplomu təqdim ediləcək.