BAKI, 20 noyabr. TELEQRAF
Son dövrlər Bakı Təşəbbüs Qrupunun (BTQ) rəqəmsal informasiya resurslarına qarşı xarici ölkələrdən məqsədyönlü və sistemli şəkildə kiberhücumlar həyata keçirilir.
Teleqraf xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu məlumat yayıb.
Bildirilib ki, təşkilatın sosial media hesablarına ardıcıl giriş cəhdləri, kütləvi və əsassız şikayətlər vasitəsilə səhifələrin bloklanmasına yönəlmiş addımlar, eləcə də rəsmi internet saytının normal fəaliyyətini pozmağa istiqamətlənmiş kiberhücumlar ciddi narahatlıq doğurur.
Aparılan texniki araşdırmalar və təhlillər nəticəsində məlum olub ki, rəsmi internet saytına və sosial media hesablarına yönəlmiş kiber fəaliyyətin əhəmiyyətli hissəsi Fransa və Hindistan ərazisindəki şəbəkələrdən qaynaqlanır.
Açıqlamada qeyd olunub ki, BTQ müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının müdafiəsi, onların səslərinin beynəlxalq ictimaiyyətə çatdırılması və müxtəlif siyasi tərəflərin özünü sərbəst ifadə etməsi üçün açıq və azad platforma rolunu oynayır. Belə bir təşkilatın sosial media hesablarına sistemli şəkildə kiberhücumlar edilməsi söz və ifadə azadlığına, fikir müxtəlifliyinə və açıq dialoq prinsiplərinə ziddir.
Qrup hesab edir ki, fərqli mövqelərin ifadəsinin qarşısını almağa cəhd göstərmək, alternativ fikirləri susdurmağa və informasiya mübadiləsini məhdudlaşdırmağa çalışmaq fundamental insan hüquqlarını kobud şəkildə pozur. Vurğulanıb ki, mövcud fikir ayrılıqları kiberhücumlar və rəqəmsal platformaların bloklanması yolu ilə deyil, qarşılıqlı hörmətə əsaslanan açıq və konstruktiv dialoq vasitəsilə həll edilməlidir.
BTQ təşkilatın fəaliyyətinə qarşı hücumları sifariş verən və ya həyata keçirən dövlətləri qanuni fəaliyyətə mane olmaqdan çəkinməyə çağırıb. Həmçinin qeyd edilib ki, bütün bu təzyiq və maneələrə baxmayaraq, təşkilat müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının müdafiəsi, söz azadlığının təşviqi və beynəlxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirəcək.