BAKI, 4 iyun. TELEQRAF

Bir neç gün sonra Ermənistanda keçiriləcək parlament seçkiləri yalnız siyasi partiyalar arasında mübarizə yox, həm də ölkənin gələcək xarici siyasət kursu ilə bağlı hadisə kimi tarixə düşəcək. Qarşıdurmanın əsas mövzusu Ermənistanın Rusiyanın təsir dairəsində qalıb-qalmayacağı, yoxsa Qərbə, ilk növbədə Avropa İttifaqı (Aİ) və Fransaya doğru irəliləmək kursunun davam edib-etməyəcəyi olacaq.

Son illərdə Moskva ilə İrəvan arasındakı münasibətlərdə indiyədək görünməmiş böhran yaşanır. İkinci Qarabağ müharibəsindəki sarsıdıcı məğlubiyyətdən sonra Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi Rusiyanın artıq öz vassalının təhlükəsizliyinin əsas qarantı rolunu yerinə yetirməyə qadir olmadığını və ya bunu etmək istəmədiyi qənaətinə gəlib. Məhz bu fonda Aİ, ABŞ və Fransa ilə əməkdaşlığı genişləndirən Nikol Paşinyan hökuməti xarici siyasətini şaxələndirməyə başlayıb.

Bu baxımdan, hazırkı seçki kampaniyası qarşılıqlı ittihamlar, iqtisadi təzyiq, informasiya müharibəsi və xarici oyunçuların görünməmiş müdaxiləsi ilə müşayiət olunur. Nəticədə, parlament seçkiləri təkcə Ermənistanın özü üçün yox, bütün Cənubi Qafqaz üçün əhəmiyyət kəsb edib.

Təsir əks təsirə bərabərdir?

Son həftələrdəki məlumatlara əsasən, Rusiya ənənəvi təzyiq vasitələrini işə salıb. Ermənistan məhsullarının idxalına məhdudiyyətlər, rəsmilərin sərt ritorikası, iqtisadi mexanizmlər vasitəsilə təzyiq və informasiya kampaniyaları ikitərəfli münasibətlərin gündəmini zəbt edib.

Lakin paradoksal bir vəziyyət yaranıb. Moskvanın hərəkətləri indiyə qədər nəinki Nikol Paşinyanın mövqeyini zəiflədə bilməyib, hətta çox vaxt əks effekt doğurub. Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi hazırda Rusiyanın təzyiqini ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirir. Kənd təsərrüfatı məhsullarının, konyakın, mineral suyun və ya güllərin tədarükünə qoyulan hər hansı bir məhdudiyyət hakim komanda tərəfindən öz siyasi mövqeyini gücləndirmək üçün istifadə olunur.

Paşinyan özünü milli suverenliyin müdafiəçisi kimi təqdim edə bilir, Rusiya isə Ermənistanı müstəqil seçiminə görə cəzalandırmağa çalışan bir dövlət kimi qələmə verilir.

Postsovet məkanında yaşanan hadisələr dəfələrlə sübut edib ki, böyük dövlətlərin qonşu ölkələrə həddindən artıq təzyiqi çox vaxt mövcud hökumət ətrafında milli birliyin güclənməsini şərtləndirir. Bu səbəbdən, seçkilər öncəsi Moskvanın İrəvana təzyiqinin artmasının yalnız hakim partiyaya dəstəyi gücləndirə biləcəyi istisna deyil.

Rusiya niyə təzyiq arsenalından tam istifadə etmir?

Əslində Moskvanın Ermənistana daha böyük və sərt təzyiq imkanları mövcuddur.

Ermənistanın əsas qaz tədarükçüsü olan Rusiya onun enerji sektorunda mühüm rol oynayır, bank sektorunda əhəmiyyətli mövcudluğunu qoruyub saxlayır və ölkə iqtisadiyyatının demək olar ki, 80%-nə nəzarət edir.

Bununla yanaşı, Rusiyada çalışan100 minlərlə Ermənistan vətəndaşının öz vətəninə milyardlarla dollarlıq transferlərin dayandırıla bilməsi də Moskvanın malik olduğu sərt alətlərdən biridir.

Bütün bu imkanlara baxmayaraq, Kreml Ermənistana qarşı ifrat tədbirlərə əl atmaqdan çəkinir ki, bunun da bir neçə səbəbi var.

Əvvəla, Rusiya Ermənistanın tamamilə itirilməsində maraqlı deyil. İrəvanın iqtisadi cəhətdən tamamilə boğulması tam əks nəticəyə - Ermənistanın Rusiyanın orbitindən sürətlə çıxmasına və nəticədə Qərbin siyasi himayəsi altına keçidinə səbəb ola bilər.

İkincisi, Moskva hazırda daha vacib xarici siyasət prioritetlərinə diqqət yetirir və eyni zamanda bütün cəbhələrdə genişmiqyaslı təzyiq göstərmək üçün resurslara malik deyil.

Üçüncüsü, Rusiya rəhbərliyi qazın qiymətinin kəskin artmasının, pul köçürmələrinin dayandırılmasının və ya tam ticarət embarqosunun Ermənistan cəmiyyəti tərəfindən iqtisadi müharibə aktı kimi qəbul ediləcəyini çox yaxşı anlayır. Belədə, hətta Ermənistan daxilində ənənəvi qaydada Rusiya ilə sıx əlaqələrin qornuması ideyasını dəstəkləyən qüvvələr belə olduqca çətin vəziyyətə düşəcəklər.

Dördüncüsü, Rusiyadakı güclü erməni diasporu və Konstantin Zatulin kimi ifrat erməipərəst qüvvələr müxtəlif təsir yolları ilə Kremli İrəvana qarşı iqtisadi təzyiqləri maksimum dərəcəyə çatdırmamağa, tarixən Ermənistanının Cənubi Qafqazda Rusiyanın maraqlarını dəstəkləyən yeganə dövlət olduğuna və ermənilərin ruslarla xristian həmrəyliyi ideyasına sadiq qaldıqlarını inandırmağa çalışırlar.

Beşincisi, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan yayınmaq keçmək üçün Ermənistanla kölgə iqtisadi-ticari əlaqələrindən istifadə Moskvaya ciddi dividendlər qazandırır.

Nəhayət, Kreml seçkilər və ya sonrakı daxili siyasi proseslər vasitəsilə siyasi qisas ümidini saxlayır və buna görə də geri dönüş nöqtəsini keçməməyə çalışır.

Ermənistanın “nəfəs”liyini tam bağlanması ssenarisi

Moskvanın İrəvana qarşı total iqtisadi təzyiqinin hipotetik ssenarisi Ermənistan üçün yəqin ki, çox ağrılı olacaq. Bu, qısa müddətdə çox ciddi fəsadlar törədəcək.

Kənd təsərrüfatı, enerji, pul köçürmələri, logistika və bir sıra sənaye sektorları zərbə alacaq.

Qaz təchizatının dayandırılması və ya bu yöndə Avropa bazarlarındakı məzənnəyə keçid perspektivi xüsusilə həssas məsələdir. Belə ki, Rusiya qazı Ermənistanın enerji sabitliyinin təminatında əsas rol oynayır. Kəskin qiymət artımı və ya tədarükün məhdudlaşdırılması elektrik və istilik enerjisinin, habelə sənaye istehsalının qiymətinə dərhal təsir göstərəcək.

Bununla belə, Ermənistanın heç bir seçimi olmadığı düşüncəsi də çox güclü deyil. İrəvan xarici iqtisadi əlaqələrinin şaxələndirilməsini sürətləndirə və Aİ, ABŞ və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı gücləndirə bilər. Bu baxımdan, Fransa, Hindistan, Fars körfəzi ölkələri və bir sıra Avropa ölkələri ilə münasibətlər əlavə əhəmiyyət kəsb edəcək. Lakin bu müstəvidə əsas sual Qərbin Rusiyanın Ermənistana verdiyi dividendləri maksimum dərəcədə əvəzləyə biləcəyi, ən əsası isə bunu istəyib-istəməyəcəyi ilə bağlıdır.

Bundan əlavə, Ermənistan Rusiyanın təhlükəsizlik sektorundakı iştirakını azaltmağa, təhlükəsizlik qüvvələrində islahatları sürətləndirməyə və Moskvanın ölkə daxilində təsirini məhdudlaşdırmağa davam edə bilər. Paradoks ondadır ki, Rusiya öz siyasətini sərtləşdirdikcə, Ermənistan bir o qədər tez alternativ iqtisadi və siyasi dəstək mənbələri axtaracaq.

Paşinyan referendum tələbinə məhəl qoymur

Moskva-İrəvan münasibətlərində ən həssas məsələlərdən biri Avrasiya İqtisadi Birliyi (Aİİ) və Aİ arasında seçim etmək üçün referendum keçirmək ideyasıdır. Rəsmi İrəvan belə bir seçim tələbinin məntiqini qəbul etmir.

Nikol Paşinyan davamlı şəkildə referendum məsələsinin yalnız Aİ-yə üzvlüyə rəsmi ərizə verildikdən sonra gündəmə gələ biləcəyini və hazırda belə bir müraciətin mövcud olmadığını vurğulayır.

Siyasi cəhətdən bu, Ermənistan rəhbərliyinə tələdən yayınmağa imkan verir. Əgər rəsmi İrəvan indi referenduma razılaşsa, bu, Moskvanın təzyiq vasitəsinə çevriləcək. Yox, əgər Paşinyan hökuməti Avropa istiqamətinin qəti şəkildə rədd etsə, cəmiyyətin qərbyönümlü hissəsinin dəstəyini itirəcək.

Buna görə də İrəvan eyni zamanda Aİİ-də qalmaq və Aİ ilə münasibətləri inkişaf etdirmək siyasətini davam etdirir, eyni zamanda strateji qeyri-müəyyənliyi qorumağa üstünlük verir.

Əslində, belə mövqenin özü Ermənistanda güc balansının dəyişdiyini sərgiləyir. Ermənistan rəhbərliyi bu gün Rusiyanın 10-20 il əvvəlki təsirə malik olmadığı qənaətindədir. Yeri gəlmişkən, Paşinyan hökumətinin Moskvanın referendumla bağlı tələbini gözardı etməsi və bu məsələdə yalnız öz istəyinə uyğun şəkildə qərar verəcəyi barədə açıqlaması Rusiyanın nüfuzuna endirilən çox ciddi zərbədir. Moskva isə rəsmi İrəvanın bu aşağılayıcı mövqeyini ən azı hələlik udmaq məcburiyyətindədir.

Yeni “ağa”, yoxsa çoxvektorluq axtarışı?

Əksər ekspertlərin fikrincə, Ermənistan hökuməti əslində ölkənin vassallıqdan qurtulmasına yox, sadəcə bir himayədarını digəri ilə dəyişdirməya çalışır.

Həqiqətən də, Fransa artıq Ermənistanın ən fəal Avropa tərəfdaşına çevrilib. İrəvana siyasi dəstək verən Paris onunla hərbi-texniki əməkdaşlığı genişləndirir və Cənubi Qafqazda təsirini gücləndirməyə çalışır. Lakin Fransanı Ermənistanın yeni “ağa”sı adlandırmaq həddindən artıq tezdir.

Müasir beynəlxalq sistem klassik təsir dairələri dövründən xeyli fərqlənir. Ermənistan Moskvanı Parislə əvəz etməkdənsə, xarici tərəfdaşlarının sayını genişləndirməyə və vahid güc mərkəzinə olan asılılığını azaltmaq niyyətindədir.

Bu mənada, əsas probelm vassallıqdan tamamilə qurtulmağın mümkün olub-olmayacağında yox, İrəvanın daha balanslı xarici münasibətlər sistemi yarada bilib-bilməyəcəyindədir.

Seçkilər və Azərbaycanla Sülh prosesi

Azərbaycan üçün Ermənistan seçkilərinin nəticələri fundamental əhəmiyyət kəsb edir. Mövcud hökumət parlamentə nəzarəti saxlayarsa, Bakı ilə İrəvan arasında sülh prosesinin davamı ehtimalı xeyli artacaq.

Çoxsaylı ziddiyyətlərə baxmayaraq, Paşinyan hökuməti yeni regional reallıqları tanımaq və güzəştli həllər axtarmaq istəyini nümayiş etdirir. Eyni zamanda, seçkilərdən sonra Qərb oyunçularının Cənubi Qafqazda uzunmüddətli sabitləşmədə marağı səbəbindən danışıqlar prosesinin əlavə təkan alacağını istisna etmək olmaz.

Lakin, radikal və ya revanşist qüvvələr güclənərsə, sülh gündəliyi yeni çətinliklərlə üzləşə bilər. Bu, region üçün davamlı qeyri-müəyyənlik və yeni böhranların artan riski demək olardı.

Bununla belə, Azərbaycanı narahat edən əsas problem Ermənistanın tarixən beynəlxalq münasibətlər sisteminin subyekti yox, obyekti olmasıdır ki, bu vəziyyət hələ də dəyişməyib.

Həqiqətən də, müxtəlif tarixi dövrlərdə Ermənistan dövlətçiliyi əsasən xarici güc mərkəzlərinin - Rusiya imperiyasının, SSRİ-nin və daha sonra Rusiyanın - dəstəyindən, eləcə də bəzi Qərb dövlətlərindən və nüfuzlu beynəlxalq erməni diasporu strukturlarından asılı olub.

Hazırda şahidi olduğumuz proseslər müəyyən mənada bu modeli dəyişdirmək cəhdi kimi qəbul edilə bilər. Coğrafiya, iqtisadi potensial, təhlükəsizlik problemləri və regional mühit kimi obyektiv amillərin Ermənistanın imkanlarını məhdudlaşdırmasına baxmayaraq, Nikol Paşinyan və onun komandası xarici siyasətdə daha böyük müstəqilliyə nail olmağa çalışır.

Bununla belə, Ermənistanın nəhayət beynəlxalq münasibətlərin tamhüquqlu subyektinə çevrilə biləcəyi barədə sual açıq qalır. Lakin, əvvəlki modeli dəyişdirmək cəhdinin özü artıq Cənubi Qafqazın bütün siyasi arxitekturasına ciddi təsir göstərə bilər.

Bu baxımdan, Azərbaycan üçün əsas sual İrəvanın geosiyasi oriyentasiyası yox, Ermənistan dövlətinin sülh gündəliyində öhdəliklərini yerinə yetirmək də daxil olmaqla, müstəqil şəkildə qərarlar qəbul etmək və həyata keçirmək qabiliyyətidir.

İrəvanın vassallıq mərəzindən qurtulmayacağı təqdirdə, həm indi, həm də gələcəkdə Azərbaycan Ermənistanla bağlı bütün məsələləri onun xarici “ağa”ları və havadarları ilə müzakirə etməli və qərar verməli olacaq. Bu isə, zaman-zaman Cənubi Qafqazda sülhə və sabitliyə çox ciddi təhdidlər yaradacaq. Çünki müxtəlif dövrlərdə Ermənistanın xarici havadarlarının mövqeyi beynəlxalq siyasi konyunkturadan asılı olaraq diametral şəkildə dəyişib.

Sahil İsgəndərov, politoloq