BAKI, 2 sentyabr. TELEQRAF
"Cənubi Qafqaz son illərdə yalnız regional deyil, qlobal güclərin də strateji maraqlarının kəsişdiyi məkanlardan birinə çevrilib. Avropa ilə Asiyanı birləşdirən nəqliyyat yolları, enerji təhlükəsizliyi, Orta Dəhliz, Xəzər hövzəsi, Türk dünyasının artan geosiyasi çəkisi və Azərbaycan-Ermənistan sülh prosesi regionun əhəmiyyətini əvvəlkindən də artırıb".
Bunu Teleqraf-a açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitutunun sabiq Bakı nümayəndəsi Səlçuk Karakılıç deyib.
Onun sözlərinə görə, belə bir mürəkkəb geosiyasi şəraitdə Azərbaycan-Türkiyə münasibətləri sırf ikitərəfli əlaqələr çərçivəsində qiymətləndirilə bilməz: "Bu münasibətlər artıq Cənubi Qafqazın təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi arxitekturasının əsas sütunlarından biridir. Bişkekdə Prezident Rəcəb Tayyib Ərdoğanla Prezident İlham Əliyev arasında keçirilən görüş bu reallığın növbəti təsdiqi oldu. Görüşdə iki ölkə arasındakı münasibətlərin qardaşlıq və strateji müttəfiqlik əsasında bütün istiqamətlərdə inkişafından məmnunluq ifadə edildi, eyni zamanda regional sülh və sabitliyin möhkəmləndirilməsi məsələləri müzakirə olundu.
Görüşün siyasi əhəmiyyəti onun keçirildiyi məkan və beynəlxalq kontekstlə də bağlıdır. Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Azərbaycan və Türkiyə liderlərinin bir araya gəlməsi göstərir ki, Bakı-Ankara münasibətləri artıq yalnız Cənubi Qafqazın deyil, daha geniş Avrasiya geosiyasətinin kontekstində düşünülür".
S.Karakılıç deyib ki, Azərbaycan-Türkiyə münasibətlərinin gücü ilk növbədə siyasi iradənin davamlılığından qaynaqlanır: "Məlum "Bir millət, iki dövlət" anlayışı bu münasibətlərin mənəvi əsasını ifadə edir. Lakin son illərdə bu tarixi və mənəvi bağ konkret siyasi-hüquqi mexanizmlərlə möhkəmləndirilib.
2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi ilə münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi bunun ən mühüm nümunəsidir. Sənəd siyasi, təhlükəsizlik, müdafiə, iqtisadiyyat, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığı sistemli çərçivəyə salmaqla iki dövlət arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə çıxardı. Burada Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi liderliyinin xüsusi rolunu qeyd etmək lazımdır".
S.Karakılıç vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra Cənubi Qafqazda əvvəlki geosiyasi reallıq artıq mövcud deyil: "İndi əsas sual yeni reallığın necə formalaşacağıdır. Burada Azərbaycan və Türkiyənin qarşısında mühüm strateji imkan dayanır: Cənubi Qafqazı rəqabət və qarşıdurma məkanı olmaqdan çıxarıb əməkdaşlıq, nəqliyyat, enerji və ticarət məkanına çevirmək.
Prezident İlham Əliyevin ŞƏT+ formatında səsləndirdiyi fikirlər də bu baxımdan diqqət çəkicidir. O, 30 illik münaqişənin artıq sona çatdığını, Cənubi Qafqazın sülh zonasına çevrilməkdə olduğunu və regional nəqliyyat-kommunikasiyalarının inkişafı istiqamətində iş aparıldığını bildirdi. Eyni zamanda Azərbaycanın çoxtərəflilik prinsipinə verdiyi əhəmiyyəti vurğuladı.
Prezident Ərdoğanın regional siyasətinin əsas xüsusiyyətlərindən biri də Türkiyənin müxtəlif geosiyasi mərkəzlərlə münasibətlərini paralel şəkildə inkişaf etdirə bilməsidir. Ankara həm NATO daxilində fəal rol oynayır, həm Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı gücləndirir, həm də ŞƏT kimi platformalarda dialoqu genişləndirir. Bu siyasət Türkiyənin çoxqütblü beynəlxalq sistemdə manevr imkanlarını artırır.
Azərbaycanın çoxvektorlu, lakin milli maraqlara əsaslanan xarici siyasəti ilə Türkiyənin fəal və çevik diplomatiyasının kəsişməsi isə iki ölkənin regional imkanlarını daha da artırır. Bu gün Azərbaycan-Türkiyə münasibətlərinin qarşısında yeni bir mərhələ açılır.
Bunun üçün üç istiqamət xüsusilə əhəmiyyətlidir: Birincisi, Azərbaycan-Türkiyə müttəfiqliyinin iqtisadi və texnoloji ölçülərinin daha da genişləndirilməsi, ikincisi, Zəngəzur, Naxçıvan, Orta Dəhliz və digər nəqliyyat layihələrinin vahid regional bağlantı strategiyası daxilində inkişaf etdirilməsi, üçüncüsü, Azərbaycan-Ermənistan sülh prosesinin Cənubi Qafqazın bütün xalqlarının iqtisadi və sosial rifahına xidmət edən davamlı regional əməkdaşlıq modelinə çevrilməsi.
Bu baxımdan Azərbaycan və Türkiyə qarşısında yalnız ikitərəfli münasibətləri daha da möhkəmləndirmək deyil, regionun gələcək modelinə təsir etmək kimi daha böyük tarixi vəzifə dayanır".