BAKI, 4 sentyabr. TELEQRAF
Bu gün Bakıda Tacikistanın Dövlət Müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Teleqraf xəbər verir ki, tədbirdə Azərbaycanın dövlət orqanlarının nümayəndələri, diplomatik nümayəndəliklərin rəhbərləri, Azərbaycanın siyasi, biznes, elm və mədəniyyət dairələrinin nümayəndələri, deputatlar, habelə media nümayəndələri iştirak edib.
Tacikistanın Azərbaycandakı səfiri İlxom Abdurahmon tədbir iştirakçılarını salamlayaraq müstəqillik illərində ölkənin siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi mühüm nailiyyətlərdən bəhs edib.
Çıxışında o, Prezident Emoməli Rəhmonun müasir Tacikistan dövlətçiliyinin möhkəmləndirilməsində, sülh və milli birliyin təmin edilməsində, habelə ölkənin ardıcıl inkişafında mühüm rolunu vurğulayıb.
Tədbirin fəxri qonağı – Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev – təbrik çıxışında Tacikistanı Dövlət Müstəqilliyinin 35-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edib, Tacikistan və Azərbaycan arasında mövcud olan ikitərəfli əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib və dövlətlərarası dostluq münasibətlərinin və strateji tərəfdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Tədbir çərçivəsində qonaqlara istedadlı ifaçıların iştirakı ilə tacik xalq mahnıları və rəqslərindən ibarət zəngin konsert proqramı təqdim olunub.
Eyni zamanda, tədbir zamanı milli sənətkarlıq nümunələrinin təqdim olunduğu sərgi təşkil edilib.
Sərgidə milli geyimlər, ənənəvi Tacikistan tikmələri – çakan, suzani, popuri, habelə Tacikistan ustalarının əl işləri nümayiş etdirilib.
Qonaqlar üçün, həmçinin, milli xörəklərdən və yerli istehsal olan təzə meyvələrdən ibarət Tacikistan süfrəsi açılıb.