BAKI, 2 iyun. TELEQRAF
Son illərdə beynəlxalq münasibətlər sistemində yaşanan geosiyasi dəyişikliklər, enerji bazarlarındakı turbulentlik və qlobal enerji təhlükəsizliyinə dair təhdidlər enerji istehsalçısı olan ölkələrin strateji əhəmiyyətini daha da artırıb.
Bu kontekstdə Azərbaycan yalnız etibarlı enerji təchizatçısı kimi deyil, həm də Avropa ilə Asiya arasında mühüm nəqliyyat-logistika və enerji əlaqələri yaradan regional güc kimi ön plana çıxır. Bakı Enerji Həftəsi çərçivəsində ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqunun keçirilməsi və ABŞ rəhbərliyinin Azərbaycana ünvanladığı mesajlar ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu sərgiləyir.
Azərbaycan-ABŞ münasibətlərinin əsas sütunlarından biri enerji sahəsində əməkdaşlıqdır. Müstəqilliyimizin bərpasının ilk illərindən başlayaraq Amerika şirkətləri Azərbaycanın neft-qaz sektoruna böyük investisiyalar yatırmaqla yanaşı, Xəzər hövzəsinin enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında mühüm rol oynayıblar. Bu əməkdaşlıq nəticəsində Azərbaycanın enerji sektoru qlobal enerji sisteminin mühüm tərkib hissələrindən birinə çevrilib.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu münasibətlərin yalnız enerji sahəsi ilə məhdudlaşmadığını sübuta yetirir. Regional əlaqələr, investisiyalar, sənaye əməkdaşlığı, tranzit imkanları, rəqəmsal infrastruktur və süni intellekt kimi istiqamətlərin gündəmə daxil edilməsi Azərbaycan-ABŞ tərəfdaşlığının daha geniş iqtisadi və texnoloji məzmunla zənginləşdirildiyini göstərir.
ABŞ Prezidenti Donald Trampın Bakı Enerji Həftəsinə ünvanladığı mesajda Azərbaycanın qlobal enerji təhlükəsizliyində liderliyinin xüsusi vurğulanması Vaşinqtonun Bakı ilə strateji əməkdaşlığa verdiyi önəmi bir daha təsdiqləyir. ABŞ tərəfindən Azərbaycanın neft və qaz sənayesinə göstərilən dəstək yalnız iqtisadi maraqlarla deyil, həm də Avropa və qlobal enerji təhlükəsizliyinin təmin olunması məqsədləri ilə bağlıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışında qeyd etdiyi kimi ölkəmizin enerji siyasətinin əsası 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə qoyulub. Həmin dövrdə Azərbaycanın neft və qaz resurslarının beynəlxalq şirkətlər üçün açılması ölkəmizin iqtisadi inkişaf modelinin formalaşmasına imkan yaratdı.
Son otuz ildə enerji gəlirlərinin düzgün idarə olunması nəticəsində Azərbaycan mühüm sosial-iqtisadi nailiyyətlər əldə edib. Dövlət Neft Fondu vasitəsilə enerji gəlirlərinin səmərəli idarə olunması siyasəti ölkəmizin uzunmüddətli iqtisadi dayanıqlığını təmin edən əsas amillərdən biridir.
Azərbaycanın enerji siyasətinin mühüm xüsusiyyətlərindən biri enerji gəlirlərinin yalnız cari ehtiyaclara deyil, həm də infrastrukturun, təhsilin, səhiyyənin və müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldilməsidir. Bu baxımdan Azərbaycan təbii sərvətlərdən səmərəli istifadə edən ölkələr üçün uğurlu inkişaf modeli sayıla bilər.
Azərbaycanın qlobal enerji təhlükəsizliyində artan rolu
Müasir dövrdə enerji təhlükəsizliyi yalnız enerji resurslarının mövcudluğu ilə deyil, onların təhlükəsiz və etibarlı marşrutlarla istehlakçılara çatdırılması ilə müəyyənləşdirilir. Azərbaycan məhz bu sahədə mühüm strateji üstünlüklərə malikdir.
Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Supsa kəməri, Cənubi Qafqaz Boru kəməri, TANAP və TAP layihələri Azərbaycanın təşəbbüsü və tərəfdaşlığı ilə reallaşdırılmış ən mühüm enerji layihələridir. Bu layihələr nəticəsində Xəzər hövzəsinin enerji resursları Avropa bazarlarına çıxarılıb və Avropanın enerji mənbələrinin şaxələndirilməsinə ciddi töhfə verilib. Bu reallıq Azərbaycanın Avropa enerji təhlükəsizliyində oynadığı rolun ildən-ilə artdığını göstərir. Xüsusilə son illərdə qlobal enerji bazarlarında şahidi olduğumuz böhranlar fonunda Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzu daha da möhkəmlənib.
Hörmüz boğazı ətrafında yaranan geosiyasi gərginliklər bir daha nümayiş etdirdi ki, dünya enerji bazarı üçün təhlükəsiz tranzit marşrutları həyati əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycanın Xəzər dənizini Qara dəniz, Aralıq dənizi və Adriatik hövzələri ilə birləşdirən enerji və nəqliyyat infrastrukturu ölkənin strateji əhəmiyyətini daha da artırır.
Yeni enerji layihələri və ixrac potensialının genişlənməsi
Azəri-Çıraq-Günəşli yatağında sərbəst təbii qaz hasilatının başlanması ilə Azərbaycanın enerji sektorunda yeni mərhələ açılır. BP və tərəfdaş şirkətlərin iştirakı ilə həyata keçirilən layihə Azərbaycanın qaz ehtiyatlarının daha da artırılması və ixrac potensialının genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Mütəxəssislərin qiymətləndirmələrinə görə, AÇG yatağında təxminən 4 trilyon kubfut çıxarıla bilən qaz ehtiyatı mövcuddur və bu göstəricinin daha da artması mümkündür. Layihənin reallaşdırılması Azərbaycanın Avropaya qaz ixracını artırmaq planlarına əlavə dəstək verəcək.
Bununla yanaşı, “Abşeron”, “Ümid”, “Bahar-Qumdəniz” və “Şahdəniz” yataqları üzrə yeni layihələr ölkənin enerji istehsalı potensialını daha da gücləndirəcək. Yaxın illərdə bu layihələrin reallaşdırılması Azərbaycanın qlobal enerji bazarındakı mövqelərini daha da möhkəmləndirəcək.
SOCAR-ın Yaxın Şərq, Afrika və Mərkəzi Asiyada həyata keçirdiyi investisiyalar da Azərbaycanın enerji siyasətinin artıq yalnız ixracatçı deyil, həm də beynəlxalq investor səviyyəsinə yüksəldiyini göstərir.
Yaşıl Enerjiyə keçid və yeni perspektivlər
Azərbaycanın enerji strategiyası yalnız neft və qaz sektoru ilə məhdudlaşmır. Son illərdə ölkə bərpaolunan enerji sahəsinə böyük investisiyalar cəlb etməyə başlayıb ki, bunda da əsas hədəf enerji ixracatçısı statusunu qorumaqla yanaşı, yaşıl enerji istehsalı və ixracı üzrə regional liderə çevirməkdir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən hidroenerji layihələri də bu strategiyanın mühüm hissəsini təşkil edir.
Qara dəniz enerji kabeli layihəsi və Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan enerji bağlantısı Avropaya yaşıl enerji ixracı üçün yeni imkanlar yaradır. Eyni zamanda Mərkəzi Asiya ölkələri ilə birgə həyata keçirilən yaşıl enerji kabeli layihəsi Azərbaycanın regional enerji qovşağı rolunu daha da gücləndirəcək.
Sadalanan məqamlar son 30 ildə həyata keçirilən uğurlu enerji strategiyası sayəsində Azərbaycanın regional enerji istehsalçısından qlobal enerji təhlükəsizliyinin mühüm təminatçılarından birinə çevrildiyini sübut edir. Neft və qaz resurslarından və onlardan əldə edilən gəlirlərdən səmərəli idarə olunması, strateji infrastruktur layihələrinin həyata keçirilməsi və çoxtərəfli diplomatiya ölkəmizin beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib.
Bakı Enerji Həftəsi çərçivəsində ilk Azərbaycan–ABŞ İqtisadi Dialoqunun keçirilməsi isə tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Enerji, nəqliyyat, rəqəmsal iqtisadiyyat və yaşıl transformasiya sahələrində əməkdaşlığın genişlənməsi Azərbaycan-ABŞ münasibətlərinə yeni strateji məzmun qazandırır.
Qlobal enerji bazarında qeyri-müəyyənliklərin artdığı bir dövrdə Azərbaycan etibarlı tərəfdaş, təhlükəsiz tranzit ölkəsi və enerji təhlükəsizliyinin mühüm təminatçısı kimi öz rolunu daha da gücləndirməkdədir. Bu isə ölkəmizin həm regional, həm də beynəlxalq əhəmiyyətinin gələcəkdə daha da artacağından xəbər verir.
Sahil İsgəndərov, politoloq