BAKı, 19 fevral. TELEQRAF

10 dekabr 2020-ci il tarixində imzaladığımız “Türkiyə ilə Azərbaycan arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və qurduğumuz Birgə Media Platforması kommunikasiya və media sahələrində əməkdaşlığımız üçün hərtərəfli yol xəritəsidir.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun fevralın 19-da Bakıda Azərbaycan və Türkiyə arasında “Media Məkanında Strateji Əməkdaşlıq Anlaşma Memorandumu”nun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda keçirilən tədbirə ünvanlandığı məktubda bildirib.

Rəsmi sənədin imzalanmasında Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın roluna da diqqət çəkib:

“Qardaş ölkə Azərbaycanla media və kommunikasiya sahəsində əməkdaşlığımızı gücləndirən bu anlaşma memorandumu ilə 4 məhsuldar ili başa vurduq. Bu müddət ərzində həm Türk Dövlətləri Təşkilatı, həm İslam Əməkdaşlıq Təşkilatı, həm də ikitərəfli əlaqələr çərçivəsində dəfələrlə görüşmüşük. Bu günlərdə əməkdaşlığımızı daha da gücləndirməyə çalışırıq.

2021-ci ildə Birgə Media Platformamızın ilk iclasında ictimai diplomatiya, beynəlxalq media, strateji kommunikasiya, təhsil, qanunvericilik və tənzimləmə, rəqəmsallaşma və beynəlmiləlləşmə komitələrinin yaradılmasına qərar vermişdik. Bu çərçivədə komitələrin yaradılması üçün inventar və layihə işlərimiz tamamlanıb.

Qısa müddətdə sözügedən komitələri yaratmaqla ölkələrimizin qarşılıqlı tanıdılmasına yönəlmiş layihələrimizi həyata keçirəcəyik.

Davam edən prosesdə institusionallaşmış birgə ictimai diplomatiya mexanizmimiz işimizin keyfiyyətini artıracaq, xüsusilə dezinformasiyaya qarşı mübarizədə əlimizi gücləndirəcək. Bu kontekstdə dünya ictimaiyyətinin düzgün məlumatlandırılması böyük əhəmiyyət kəsb edir”.

Türkiyə rəsmisi qeyd edib ki, martın 4-də Bakıda keçiriləcək “Daha ədalətli dünya mümkündür” adlı panel və dəyirmi masa ilə dünyaya güclü mesaj veriləcək.