
BAKI, 19 fevral. TELEQRAF
Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası öz işinə başlayıb.
Teleqraf xəbər verir ki, 35 nümayəndə heyətinin, o cümlədən, ümumilikdə 280 nəfərə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə bir sıra mühüm məsələlərin müzakirəsi nəzərdə tutulur.
APA Asiya parlamentlərini birləşdirən mühüm parlament diplomatiyası platforması olmaqla yanaşı, bu cür tədbirlər həm də üzv ölkələrin qanunverici orqanları arasında müzakirələrin və dialoqun inkişafına xidmət edir.
Qeyd edək ki, artıq İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharani, Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Al-Maavali, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova, Özbəkistan Respublikası Ali Məclis Senatının sədri Tənzilə Narbayeva, Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli Saleh Abdulla Əlsaleh, Butan Milli Assambleyasının sədri Lunqten Dorci, İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf, Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani və Tacikistan Respublikası Ali Məclis Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda tədbirdə iştirak etmək məqsədilə Bakıya səfərə gəlib.
Tədbir çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharani, Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Al-Maavali, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova arasında görüşlər keçirilib. Spikerin həmçinin tədbirdə iştirak edən digər parlament sədrləri ilə görüşləri nəzərdə tutulub.
***
07:20
Bu gün Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası keçiriləcək.
Teleqraf xəbər verir ki, “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr olunmuş sessiyada 30-dan çox ölkə parlamentinin və beynəlxalq təşkilatın nümayəndə heyətləri, o cümlədən 10-dan çox ölkə spikerinin iştirakı gözlənilir.
Tədbir çərçivəsində qurumun siyasi, iqtisadi, büdcə və sosial sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlərə dair qərar layihələri müzakirə olunacaq və bir sıra təşkilati işlərə baxılacaq.
Sessiya dövründə tədbirdə iştirak edən nümayəndə heyətləri arasında bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur. Görüşlərdə APA-nın bugünü və gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılacaq.
Sonda Bakı Bəyannaməsi və APA Katibliyinin yekun hesabatı qəbul ediləcək.
Xatırladaq ki, tədbir fevralın 20-dək davam edəcək.