
BAKI, 18 fevral. TELEQRAF
"Belarus və Azərbaycan parlamentləri arasında qarşılıqlı fəaliyyət bir çox ölkələr üçün nümunədir".
Teleqraf xəbər verir ki, bu sözləri Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova Milli Məclisin sədri Sahibə Qafarova ilə görüş zamanı bildirib.
O əlavə edib ki, ölkələr konstruktiv qarşılıqlı fəaliyyətə köklənib:
"Əlbəttə, parlamentlərarası qarşılıqlı fəaliyyət bizim üçün çox vacibdir. Beynəlxalq platformalarda bizə göstərdiyiniz dəstəyə görə Sizə səmimi minnətdarlığımı bildirirəm. Azərbaycan və Belarus arasındakı əlaqələr parlamentlər arasında qarşılıqlı fəaliyyətin nümunəsi ola bilər. Seçkilərdə həm İlham Əliyevin, həm də Aleksandr Lukaşenkonun qələbəsi ölkələrimiz arasında gələcək strateji əməkdaşlıq üçün yaxşı zəmindir. Biz parlamentarilər isə hər şeyi etməliyik ki, bu əməkdaşlıq bütün istiqamətlərdə inkişaf etsin. Azərbaycanda olduğu kimi, ölkəmizdə də siyasətin əsasını insanlar, onların rifahı təşkil edir. Ona görə də biz xalqımızın xoşbəxt yaşaması üçün hər şeyi edirik. Ölkəniz bir daha göstərdi ki, bizim ölkəmizdə həyata keçirilən siyasətin qorunmasında həmrəyik".
Sədr vurğulayıb ki, Belarus Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişafında maraqlıdır.
Sahibə Qafarova isə bildirib ki, hər iki ölkə liderləri arasındakı şəxsi münasibətlər parlamentlərarası əlaqələrin də inkişafına səbəb olur:
"Ölkə rəhbərlərimizin çoxsaylı səfərləri göstərir ki, Azərbaycan və Belarus arasında dostluq münasibətlərinin inkişafı prosesi davam edir. Mən Sizə və Aleksandr Lukaşenkoya təşəkkür edirəm. O, Qarabağa ilk dəfə səfər edən qeyri-müsəlman ölkə rəhbəri oldu. Dövlətlərimiz arasında 170-dən çox sənəd imzalanıb. Düşünürəm ki, bu rəqəm daha da artacaq".