TBİLİSİ, 3 mart. TELEQRAF

Gürcüstan GUAM Parlament Assambleyasında (PA) sədrliyi Azərbaycandan bir il müddətinə təhvil alıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, bu gün GUAM PA-nın Azərbaycanın sədrliyi ilə distant formatda iclası keçirilib. Toplantıda məruzələr dinlənilib və yekun sənəd qəbul edilib.

Gürcüstan parlamentinin Hüquqi məsələlər üzrə komitəsinin sədr müavini Tornike Çeişvili çıxışında bildirib ki, GUAM çərçivəsində ticarət, rabitə, enerji və nəqliyyat sahələrində geniş imkanlar yaranır və onların həyata keçirilməsinə milli parlamentlər də mühüm töhfə verə bilərlər.

Onun sözlərinə görə, son illər GUAM-a üzv dövlətlər təhlükəsizlik, suverenlik və ərazi bütövlüyünə təhlükə yaradan problemlərlə üzləşirlər. Deputat regionda sülhün qorunub saxlanmasının vacibliyini vurğulayıb və həmkarlarını bu istiqamətdə Gürcüstanın gündəliyində duran prioritetlərlə tanış edib.

Toplantının yekununda kommunike qəbul olunub.