BAKI, 3 mart. TELEQRAF

İranda milli valyuta dollar qarşısında kəskin ucuzlaşıb, inflyasiya isə ev təsərrüfatlarının vəziyyətini ağırlaşdırıb. Rialın dəyər itkisi xüsusilə İranın əsas müttəfiqi olan Suriya Prezidenti Bəşər Əsədin hakimiyyətdən getməsi ilə daha da sürətlənib.

Teleqraf xəbər verir ki, “AlanChand”ın məlumatına görə, Şamda hakimiyyət dəyişikliyi ərəfəsində qara bazarda 1 dollar təxminən 717.000 rialdan satılırdı. Fevralın ortalarında Tehranda 1 dollar təxminən 925.000 rialla tarixi rekordunu yenilədi. Xatırladaq ki, ötən ilin iyul ayında İran Prezident Pezeşkiyan səlahiyyətlərinin icrasına başalayan zaman qara bazarda 1 dollar təxminən 600.000 rial idi.

Ekspertlər bildirir ki, ABŞ-nin nüvə sazişdən çıxmasından, eləcə də 2018-ci ildə yenidən sanksiyalar tətbiq etməsindən sonra İran ciddi iqtisadi böhran yaşayır.

Sanksiyalar İranın neft ixracını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb və ölkənin valyuta ehtiyatlarını tükəndirib. Dünyanın ən böyük neft ehtiyatlarına sahib olan İranın neft hasilatı gündə təxminən 3 milyon barel səviyyəsindədir. Halbuki, bu rəqəm 2018-ci ildə gündə 4 milyon barelə qədər yüksəlirdi.

Donald Trampın Ağ Evə ikinci qayıdışından sonra isə İran milli valyutası hər gün dəyərdən düşməkdədir. Hazırda 1 dollar 91 min tümənə çatıb və ABŞ valyutası 20 faizdən çox dəyər qazanıb. Bu da ölkənin xarici ticarətini çətinləşdirib və insanların alıcılıq qabiliyyətini xeyli aşağı salıb.

ABŞ-nin sanksiyaları səbəbindən İranın xarici ticarət həcmi xeyli məhdud qalıb. Çin və bir neçə Asiya ölkəsi istisna olmaqla, Qərblə ticarət aparmaq xeyli çətinləşib. İranın SWIFT sisteminə çıxışının məhdudlaşdırılması isə bank əməliyyatlarını ciddi şəkildə pozub.

Qeyd edək ki, ölkədə inflyasiya 2016-cı ildə nüvə sazişinin qüvvəyə minməsi və sanksiyaların ləğv edilməsi ilə 26 il ərzində ilk dəfə 9 faizə qədər azalmışdı. Lakin ABŞ-nin 2018-ci ildə sazişdən çıxaraq sanksiyaları yenidən tətbiq etməsindən sonra inflyasiya 52,1 faizə yüksəlib. İran Statistika Mərkəzinin məlumatına görə, ötən il inflyasiya 32 faiz olub. Bununla belə, əhalinin hiss etdiyi inflyasiyanın rəsmi göstəricidən xeyli yüksək olduğu müşahidə edilir.