
BAKI, 3 mart. TELEQRAF
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Rumıniya Pravoslav Patriarxal Kilsəsini ziyarət edib.
Komitədən Teleqraf-a bildirilib ki, o, Rumıniya Patriarxının müavini Varlaam Ploieşti ilə görüşüb.
Rumıniya ilə Azərbaycan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinə toxunan Varlaam Ploieşti multikulturalizmin mərkəzi kimi tanınan, dini-milli zəmində qarşıdurmanın heç vaxt olmadığı Azərbaycanın dinlərarası, mədəniyyətlərarası münasibətlərə töhfə verən bir sıra təşəbbüslərlə çıxış etməsini yüksək dəyərləndirib.
Dövlət Komitəsinin sədri Azərbaycanın nümunəvi dövlət-din münasibətləri, dinlərarası harmoniya, eləcə də dinc birgəyaşayış sahəsində əldə etdiyi uğurlar barədə danışıb. Bildirib ki, ölkədə mütərəqqi dini dəyərlərin qorunması, vicdan və dini etiqad azadlığının təmin edilməsi, müxtəlif konfessiyalar arasında həmrəyliyin dərinləşməsi üçün yaradılmış qanunvericilik bazası dinlərarası dialoqun hüquqi-siyasi əsasını təşkil edir. Ölkədə din siyasəti demokratik, hüquqi, dünyəvi dövlətçilik prinsiplərinə və beynəlxalq normalara uyğun həyata keçirilir.
Qeyd edək ki, görüşdə patriarxın xarici işlər üzrə müşaviri Viorel Coman da iştirak edib.